
"2025-ci il avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə yüksək səviyyəli üçtərəfli görüş keçirildi. Bu tarixi toplantı təkcə üç qardaş dövlətin əməkdaşlığının yeni mərhələsini işarələmədi, həm də regional sabitlik, iqtisadi inteqrasiya və mədəni yaxınlığın möhkəmləndirilməsi baxımından mühüm strateji hadisə kimi yadda qaldı".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, görüşdə müzakirələrin əsas hissəsini nəqliyyat-logistika və enerji sahələri olub:
"Üç ölkə Avropanı Asiya ilə birləşdirən marşrutların – xüsusən də “Orta Dəhliz” və Transxəzər dəhlizinin – inkişafına diqqət yetirdi. Bu dəhlizlər həm iqtisadi inteqrasiya, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Enerji sektorunda isə əməkdaşlığın yeni mərhələsi vurğulandı. Azərbaycanın SOCAR şirkətinin Özbəkistanda neft yataqlarının işlənməsi üzrə fəaliyyətə başlaması, Türkmənistanla qaz və elektrik enerjisi sahəsində perspektiv əməkdaşlıq imkanları müzakirə olundu".
Hakim partiya təmsilçisi qeyd edib ki, görüş zamanı imzalanan sənədlər gələcək əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirdi:
"Bunlara nəqliyyat və enerji sahələrində əməkdaşlıq razılaşmaları, təhsil, mədəniyyət və idman sahələrində birgə təşəbbüslər, eləcə də Füzuli–Arkadag qardaşlaşması memorandumu daxildir".
Anar Əliyev