
"Ermənistanın baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımını qəbul etmir. Amma, İsrailin baş naziri B. Netanyahu qondarma erməni soyqırımını tanıdığını bəyan edir. Erməni baş nazir soyqırım məsələsinin erməni xalqının maraqlarına cavab vermədiyini, bəzi ölkələrin əlində siyasi alət olduğunu vurğulamaqla, B. Netanyahunu iyyiham edir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İsrail baş naziri soyqırımdan danışırsa, Qəzzada baş verənlərə boylansın:
"İsrail baş nazirinin açıqlaması Türkiyə-Ermənistan əlaqələrinə zərbə vurmaqdan ibarətdir. Türkiyənin Ermənistanla əlaqələrinin bərpası, Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməsi Ankaranı Yaxın Şərqdə əsas söz sahibinə çevirir. Türkiyə Suriyanın sabitliyi və ərazi bütövlüyünün təmin olunmasında əsas aktordu. Türkiyənin əleyhinə siyasət aparan B. Netanyahu Azərbaycanla əlaqələrə kölgə salmış ola bilər.
Azərbaycan Suriya və Türkiyə ilə sıx iqtisadi və enerji sahəsində əməkdaşlıq edir. İsrail Azərbaycanın hər iki müttəfiqinə qarşı hərbi təxribatlara əl atır. Əgər, İsrail Suriyada Türkiyə əleyhinə hərbi fəaliyyətini davam etdirərsə, yaxın perspektivdə İsrailə Suriyadan böyük hərbi zərbə vurula bilər".
Süleyman