
Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi tikilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu möhtəşəm və unikal layihə Özbəkistan Prezidentinin 23 iyun 2017-ci il tarixli qərarına əsasən başlanmış və onun təməli 2018-ci ilin Ramazan bayramı günündə qoyulmuşdur. Bu gün tikinti işləri yekun mərhələsinə qədəm qoyub.
Prezident Şavkat Mirziyoyev mərkəzdə olub, son tamamlama və avadanlıqlarla tanış olub.
Möhtəşəm tikili qədim memarlıq abidələrinin timsalında tikilir. Milli günbəz və damlar, naxışların möhtəşəm harmoniyası ona xüsusi yaraşıq verir. Kompleksin dörd tərəfində hündürlüyü 34 metr olan dam örtüyü, mərkəzdə isə 65 metrlik günbəz tikilib.
Mərkəzin əsas hissəsində Qurani-Kərim zalı tikilir. Burada müsəlman dünyasının mənəvi şah əsəri - qədim Osman Müşəfi qoyulacaq. Həmçinin Samanilər, Qaraxanilər, Xorəzmşahlar, Özbək xanları, Teymurilər və digər tarixi sülalələr dövründə yazılmış müqəddəs kitabımızın nüsxələri və onların əski özbək dilinə tərcümələri yerləşdiriləcək. Dünyanın ən nadir əlyazmalarından olan Quran nümunələri də muzeydə sərgilənəcək.
Mərkəzdə 460 yerlik konfrans zalı da tikilib. Burada müxtəlif beynəlxalq toplantı və konfransların keçirilməsi üçün hər cür şərait yaradılmış, ən müasir texniki avadanlıqla təchiz edilmişdir.
Kompleksdə “İslamdan əvvəlki sivilizasiyalar”, “Birinci İntibah”, “İkinci İntibah”, “20-ci əsrdə Özbəkistan”, “Yeni Özbəkistan - yeni İntibah” kimi bölmələr təşkil olunacaq. Bu dövrlərin tarixi müxtəlif obyektlər, əlyazma mənbələri, fotoşəkillər və multimedia vasitələri ilə təqdim olunur. Xorazm, Fərqani, Forabi, Beruni, İbn Sina, Burxaniddin Marginoni, Mahmud Zəməxşəri, Mirzo Uluqbek, Əlişir Nəvai, Babur Mirzo, Əli Kuşçi kimi alim və mütəfəkkirlərin çoxşaxəli fəaliyyətləri haqqında məlumat verilir. İmam Buxari, İmam Termizi, Hakim Termizi, Əbu Mənsur Maturidi, Əbu Muin Nəsəfi, Qaffol Şoşi, Əbdülxaliq Qicduvani, Nəcmiddin Kubro, Bəhauddin Nəqşbənd, Xoca Əhrar Vəli kimi alimlərin İslam maarifçiliyinə verdiyi töhfələr geniş şəkildə işıqlandırılır.
Kompleksdə eyni zamanda, tarixdə dərin iz qoymuş Bibixanım, Xanzodabəgim, Qavhərşodbəgim, Gülbadanbəgim, Nodirabegim, Üveysi, Ənbər Atin kimi tanınmış qadınların elm və maarif himayədarları kimi fəaliyyəti də öz əksini tapıb.
Mərkəz ulu əcdadların irsinin dərindən öyrənilməsinin və günümüzün kəskin problemlərinə cavab verə biləcək həyatverici qüvvəyə çevrilməsinin zəruriliyini vurğulayıb. Bu məqsədlə Özbəkistanın Beynəlxalq İslam Araşdırmaları Akademiyası, İmam Buxari, İmam Termizi, İmam Moturidi və digər beynəlxalq elm və təhsil təşkilatları ilə əməkdaşlıq qurulacaq, müasir təhlükələrə layiqli elmi cavablar tapılacaqdır.
Süleyman