
Azərbaycan ilə Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir və bu əlaqələr yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin Sanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirak etmək üçün Çin Xalq Respublikasına səfəri zamanı bu ölkənin rəhbərliyi tərəfindən ən yüksək səviyyədə qarşılanması, Çinin rəhbəri Si Cinpinin İlham Əliyevi "mənim əziz dostum" xitabı ilə mehribanlıqla salamlayaraq, regional və qlobal məsələlərlə bağlı geniş, məzmunlu müzakirələr aparması da bu fikrimizi təsdiqləyir.
Tiencin şəhərində İlham Əliyev ilə görüş zamanı Si Cinpin azərbaycanlı həmkarının Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayıb və bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxunaraq bildirib ki, Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətləri qurulub və hazırda əlaqələrimiz hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Çin Xalq Respublikasının Sədri, həmçinin son aylarda ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb.
Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib və bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub. Çin liderinin fikirləri bir daha onu göstərir ki, bu ölkə Zəngəzur dəhlizinin açılmasında xüsusilə maraqlıdır. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə əsas tərəfdaşlardan biridir və bu cür səfərlər nəqliyyat dəhlizləri və logistika ilə bağlı birgə layihələrin koordinasiyası üçün çox vacibdir. Çinin Zəngəzur dəhlizinin açılması prosesinə dəstək verməsi və digər şərtlər sözsüz ki, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq və əlaqələrimizin davamlı olmasına əlavə təminatlar yaradacaq.
Çin Xalq Respublikasının sədri Si Cinpinin çıxışında ən maraqlı məqamlardan biri də budur ki, o, Azərbaycanın suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini vurğulayıb və Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu qeyd edib. Eyni zamanda, çinli lider vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoq əhəmiyyətlidir. Bu da o deməkdir ki, bizim şimal və cənub qonşularımızdan fərqli olaraq Çin rəhbərliyi Azərbaycanla Ermənistan arasında dayanıqlı, real sülhün bərqərar olmasına konstruktiv və rasional yanaşır. Çünki toksik qonşularımızdan fərqli olaraq Çin rəhbərliyi başa düşür ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin bərqərar olması bilavasitə onun iqtisadi-tranzit maraqlarına cavab verir.
Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır və bir çox sahələrdə dinamik inkişaf edir. Bu ölkənin rəhbərliyi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini də yüksək qiymətləndirir. Azərbaycan və Çin terrorizm, ekstremizm və separatizmlə mübarizədə səylərini birləşdirirlər. Öz növbəsində rəsmi Bakı da "Vahid Çin" doktrininə üstünlük verərək bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir. Bir-birinin daxili işlərinə qarışmamaq və ölkələrin iqtisadi inkişaf modeli üçün suveren seçim prinsiplərini rəhbər tutan Pekin və Bakı hər zaman bir-birini dəstəkləyək iqtisadi-ticari əlaqələrin və texnoloji əməkdaşlığa inkişafına fokuslanırlar.
Çin rəhbərliyi, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin genişlənməsini də sıx dəstəkləyir. Çin Sədri Si Cinpin bu gün (sentyabrın 1-də) ŞƏT-in Tiencin şəhərində keçirilən sammitində çıxışı zamanı Azərbaycan və Ermənistanın təşkilata mümkün üzvlüyünə toxunaraq qeyd etdi ki, “Çin Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi üzvlüyünü dəstəkləyir. Bu ölkələr hazırda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusuna malikdir”.
Prezident İlham Əliyevin "ŞƏT plyus" Zirvə sammitində iştirakı və bu çərçivədə keçirdiyi görüşlər də bir daha bizim ölkəmizin bu iqtisadi blokla sıx təmaslar qurmaqda maraqlı olduğunu göstərir. Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın yeni geoiqtisadi güc mərkəzlərindən biridir. Bu birlik regional təhlükəsizliyin, terrorizm və ekstremizmlə mübarizənin, həmçinin Mərkəzi Asiya və digər regionlarda sabitliyin təmin edilməsi üçün mühüm bir platformadır. Eləcə də təşkilatın üzv və müşahidəçi dövlətləri sammitdən birgə iqtisadi layihələr, ticarət sazişləri və müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün istifadə edirlər. Bu mənada ŞƏT-ə üzv olmağımız həm Azərbaycan-Çin münasibətlərinin inkişafına, həm də Azərbaycanın Qlobal Cənub düşərgəsində rolunun artmasına ciddi töhfə verə bilər. Yeri gəlmişkən, ŞƏT ölkələrinin bu gün qəbul etdikləri “Tiencin Bəyannamə”sinə əsasən, Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq.
Lakin çox təəssüf ki, Çindən fərqli olaraq Hindistan Azərbaycanın ŞƏT-ə üzv olmasına süni surətdə maneçilik törətməyə çalışır. Məhz buna görədir ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Hindistan rəhbərliyinin bu addımı çox güman ki, Azərbaycan və Pakistanın sıx əlaqələri ilə və Hindistanın Ermənistanın müttəfiqi olmasıyla bağlıdır. Lakin Hindistanın bu cür qərəzli addımı bu ölkənin rəhbərliyinin məhdud yanaşmasından və irqçi-millətçi mövqeyindən xəbər verir. Azərbaycan-Ermənistan münasibətlərinin sürətlə normallaşdığı və eyni zamanda, Pakistanla Ermənistan arasında diplomatik təmaslara start verildiyi bir məqamda Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutması absurd və siyasi korluqdur. Ancaq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışması yalnız onun özünə zərər verəcək. Prezident İlham Əliyev ŞƏT-in Tiencin sammiti çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdə bu məsələyə toxunaraq ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Lakin bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri və həmrəylik hər şeydən üstündür.
Cənab Prezident “ŞƏT plyus” formatında keçirilən iclasda etdiyi çıxışında hamını çoxtərəfli diplomatiya prinsiplərinə üstünlük verməyə və dünyada sabitliyin təmin edilməsi üçün birgə səyləri artırmağa, enerji, infrastruktur və yeni texnologiyalar kimi müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. Qalib Azərbaycan bu gün həm bölgədə, həm də dünyada sülh və əməkdaşlığı təşviq edir. Prezident İlham Əliyev çıxışında onu da qeyd edib ki, Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi fəal şəkildə dəstəkləyib.
Dövlətimizin başçısı “ŞƏT plyus” sammitindəki çıxışında yaxın gələcəkdə Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcəyini, bu dəhlizin sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcəyini qeyd edib və bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Azərbaycan rəhbəri sammit iştirakçılarının diqqətinə çatdırıb ki, Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Prezident İlham Əliyev “ŞƏT plyus” sammitində Azərbaycanın tranzit imkanlarının hamı üçün faydalı olacağını göstərdi. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda Vaşinqtonda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Beləliklə, rəsmi Bakı hamıya mesaj verir ki, bu gün səylərimizi qarşıdurmalara yox, iqtisadi əməkdaşlığa yönəltməliyik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri