
1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladıqları birgə müraciət əsasında, 1 sentyabr tarixindən etibarən ATƏT-in Minsk Prosesi, ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Fəaliyyətdə olan Sədrin Şəxsi Nümayəndəsinin, həmçinin Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyəti rəsmən dayandırıldı. Qərara əsasən, Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul olunmuş bütün qərarlar qüvvədən düşmüş elan edilib.
Newscenter.az-ın xəbərinə görə, məlum tarixi hadisə ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib ki, 1988-ci ildən “Ermənistan–Azərbaycan münaqişəsi” və ya “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adı ilə tanınan münaqişə de-yure olaraq başa çatıb:
"Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik strategiyası çərçivəsində – BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə – 44 günlük Vətən müharibəsi nəticəsində, işğal edilmiş torpaqlarımızın Füzulidən başlanaraq azad edilməsi prosesi bu gün Helsinki və Vyana şəhərlərində beynəlxalq müstəvidə hüquqi təsdiqini tapdı".
Süleyman