Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz doğma sakinlərinə qucaq açır

Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz doğma sakinlərinə qucaq açır




"Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində 2020-ci ildə əldə etdiyi tarixi qələbələr sırasında Kəlbəcərin işğaldan azad edilməsi xüsusi yer tutur. Tarixi zəfərimizin davamı olaraq həmin tarixdə Kəlbəcər bir güllə atılmadan azad edildi və Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etdi. 25 noyabr tarixi həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan böyük rəmzi məna daşıyır”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili tarixə nəzər salaraq deyib ki, Kəlbəcər 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb:

“Kəlbəcərin dağlıq relyefə malik olması, su ehtiyatlarının zənginliyi, mühüm kommunikasiya yollarına yaxınlığı səbəbindən strateji baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Kəlbəcərin işğalı həm Qarabağ münaqişəsinin gedişatına, həm də Azərbaycanın təhlükəsizlik arxitekturasına ciddi zərbə olmuşdu. Çünki strateji əhəmiyyətə malik yüksəkliklərin ələ keçirilməsi Ermənistana hərbi üstünlüklər verirdi. Baxmayaraq ki, Kəlbəcərin işğalı zamanı BMT Təhlükəsizlik Şurası 822 saylı qətmnamə qəbul etmiş və bu işğalı pisləyərək Ermənistandan işğala məruz qoyduğu əraziləri tərk etməyi tələb etmişdi, lakin işğalçı ölkə bu qətnaməni heçə saymış, öz təcavüzkar siyasətini davam etdirmişdi”.

Millət vəkili bildirib ki, işğal illərində ermənilər rayonda böyük dağıntılar törədilmiş, kəndlər, tarix-mədəniyyət abidələri və infrastruktur məhv edilmiş, əhali öz doğma yurdlarından didərgin salınmışdı:

“2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın qətiyyətli və planlı əməliyyatlarının nəticəsində tarixi uğurlar ilə yadda qaldı. Ordunun döyüş meydanında qazandığı üstünlük Ermənistanı siyasi və hərbi baxımdan çıxılmaz vəziyyətə saldı. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Kəlbəcər rayonu döyüşsüz şəkildə Ermənistan tərəfindən boşaldıldı. Azərbaycan ordusu 25 noyabr 2020-ci ildə əraziyə daxil olaraq tam nəzarəti bərpa etdi. Bu fakt Azərbaycanın həm hərbi gücünün, həm də diplomatik masadakı üstün mövqeyinin göstəricisi idi. Kəlbəcərin döyüşsüz qaytarılması ordunun strateji üstünlüyünü, siyasi iradənin gücünü və beynəlxalq səviyyədə formalaşmış yeni reallıqları təsdiqlədi”.

İlham Məmmədov diqqətə çatdırıb ki, Cənab Prezidentin sərəncamı əsasında Kəlbəcərin azad ediməsi tarixi Kəlbəcər Şəhər Günü kimi qeyd edilir:

“25 noyabrın Kəlbəcər şəhər günü kimi qeyd olunması ərazinin işğaldan azad edilməsinin rəmzidir. Bu gün təkcə tarixi qələbə günü deyil, həm də xalqın birliyinin, dövlətin gücünün, şəhidlərin ruhuna ehtiramın, azad olunmuş torpaqlara qayıdışın simvolu kimi qəbul edilir. Bu tarix Kəlbəcərin yenidən qurulması və dirçəlməsi yolunda başlanğıc nöqtəsidir.

İşğaldan azad olunduqdan sonra Azərbaycan dövləti Kəlbəcərin bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Rayonun mürəkkəb dağlıq coğrafiyasına baxmayaraq yol və tunel infrastrukturu yenidən qurulur, yeni enerji xətləri çəkilir, müasir yaşayış məntəqələri inşa olunur. Paralel olaraq rayonda kənd təsərrüfatı və turizm potensialının dirçəldilməsi üçün layihələr reallaşdırılır. Bu gün həyata keçirilən quruculuq-abadlıq işləri çərçivəsində Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz doğma sakinlərinə qucaq açır”.

Süleyman
Xəbəri paylaş