
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) 2026-cı ilin noyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılır. COP31-ə ev sahibliyi etmək barədə yekun qərar Braziliyanın Belem şəhərində keçirilən iqlim sammitində (COP30) Azərbaycanın da fəal iştirakı ilə keçirilən beşgünlük müzakirələrdən sonra qəbul edilib və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 (G20) sammitinin sessiyasında çıxış edərkən bildirib ki, COP31-ə ev sahibliyi etmək barədə razılaşma “qlobal miqyasda konsensus platformalarının zəifləməsi fonunda” xüsusilə əhəmiyyətlidir.
Qərbi Avropa və Digər Dövlətlər Qrupunun (WEOG) üzvləri Türkiyənin COP31-ə ev sahibliyi etməsi barədə qərarı yekdilliklə dəstəkləyib və qərardan əvvəl Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Murat Kurum COP30 iqlim sammiti çərçivəsində Braziliya, Azərbaycan və Avstraliyadan olan nümayəndələrlə dördtərəfli görüş, eləcə də Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə elçisi və COP29-un sədri Muxtar Babayevlə ayrıca görüş keçirib. Azərbaycan nümayəndə heyəti qardaş ölkənin COP31-ə ev sahibliyini ilk dəstəkləyənlərdən biri olub.
Azərbaycan keçən il COP29-a uğurla ev sahibliyi edib. Türkiyənin də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransına ev sahibliyi etmək hüququnu qazanması bütövlükdə Türk dünyası üçün qlobal əhəmiyyətli hadisədir. COP30-un başa çatması ilə yanaşı, Yohannesburqda keçirilən G20 sammitində iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 31-ci sessiyasının (COP31) gələn ilin noyabr ayında keçiriləcəyinin planlaşdırıldığını açıqlayıb. Ümid edirik ki, Türkiyə Cümhuriyyəti bu missiyanın öhdəsindən layiqincə gələcək, İstanbul və Antalya COP31-in iclaslarına yüksək səviyyədə ev sahibliyi edəcək.
Həm Azərbaycan və Türkiyədə, həm də digər türk dövlətlərində bu cür qlobal tədbirlərin keçirilməsi Türk dünyasının beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Belə tədbirlərin sayəsində Türk dünyası üçün yeni geosiyasi imkanlar yaranır və Türk dünyasının qlobal miqyasda daha sistemli, daha koordinasiyalı və daha qüvvətli şəkildə hərəkət etməsini təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Həmçinin, Türk Dövlətləri Təşkilatı (TDT) da qlobal aktorlardan birinə çevrilir.
Biz inanırıq ki, Türkiyənin COP31-ə ev sahibliyi etməsi ekologiya və ətraf mühitin mühafizəsi, qlobal həmrəylik və dialoqun qurulması, humanitar və mədəni əlaqələrin inkişaf etdirilməsi və eyni zamanda, dünyada sabitliyə və davamlı iqtisadi inkişafa nail olunması, daha dayanıqlı, daha ədalətli və daha çiçəklənən bir gələcək qurulmasında Türk dünyasının mühüm rol oynamasına böyük töhfə verəcək. Azərbaycan da öz növbəsində COP29-un təşkilatçısı qismində əldə etdiyi qiymətli təcrübəni qardaş ölkə ilə bölüşəcək. Türkiyə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə rəqabətdən daha çox əməkdaşlıq və inklüzivlik prinsiplərinə əsaslanmağa, habelə bütün tərəfləri konstruktiv dialoq və qarşılıqlı hörmətə əsaslanan ətraf mühitin mühafizəsi tədbirlərini irəli aparmağa çağırır. COP31-ə ev sahibliyi etmək Türkiyəni bəşəriyyətin ortaq gələcəyi üçün qlobal həmrəyliyin carçısına çevirəcək. Qardaş Türkiyəni COP31-in ev sahibi seçilməsi münasibətilə ürəkdən təbrik edirik.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri










































