Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah İlham Əliyevin fəaliyyətində əsas prioritetidir

Siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah İlham Əliyevin fəaliyyətində əsas prioritetidir


Azərbaycanın bu günkü uğurları, əldə etdiyi nailiyyətlərinin təməl daşında Heydər Əliyev siyasəti olmaqla yanaşı, həm də düzgün idarəçilik, həyata keçirilən nəticəli daxili və xarici, eləcə də sosial-iqtisadi siyasət kursu dayanır. 1993-cü ilin iyunundan başlanan bu kurs 2003-cü ildən etibarən kəmiyyət və keyfiyyət baxımından yeni bir mərhələyə qədəm qoyub. Ulu Öndərin kursuna sadiq qalmaqla yeni çağırışlara, yeni yanaşmalara uyğun olaraq həyata keçirılən bu siyasət 22 ildir ki, Azərbaycanı zirvəyə doğru aparır, onu təkcə yerləşdiyi coğrafiyada deyil, eləcə də dünyada söz sahibinə çevrir. Bu mərhələ təkcə siyasi, sosial-iqtisadi baxımdan inkişafla deyil, həm də dövlətçiliyimizin daha da möhkəmlənməsi ilə yadda qalıb.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında xalqın yüksək etimadı ilə dövlət başçısı seçilməsindən etibarən bu günə qədər olan dövr ölkənin siyasi sabitliyinin qorunması, iqtisadi inkişafın təmin edilməsi, milli maraqların müdafiəsi və dövlətçilik ənənələrinin gücləndirilməsi ilə xarakterizə olunur. Ötən illər ərzində İlham Əliyev dövlət idarəçiliyində ardıcıllıq, strateji baxış və milli dəyərlərə sədaqət nümayiş etdirən lider kimi özünü təsdiqlədi.

Heydər Əliyev kursuna sadiqlik

Qeyd etdiyimiz kimi İlham Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun davamı kimi qiymətləndirilir. Bu kursun əsasını güclü dövlət, möhkəm hakimiyyət institutu, milli maraqların üstünlüyü və sabit inkişaf təşkil edir. Prezident İlham Əliyev bu prinsipləri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək dövlət idarəçiliyində yeni mərhələ yaratdı.

Dövlətçilik anlayışı onun fəaliyyətində yalnız siyasi hakimiyyətlə məhdudlaşmırdı. Bu anlayış milli birlik, hüquqi dövlət, vətəndaş–dövlət münasibətlərinin möhkəmləndirilməsi və dövlət rəmzlərinə hörmət kimi geniş məzmun daşıyırdı.

Siyasi sabitlikdən iqtisadi inkişafa

İlham Əliyev üçün hakimiyyətinin ilk günlərindən əsas prioritet atasından miras qalan siyasi sabitliyi davam etdirmək, eyni zamanda həmin siyasi sabitlik fonunda ölkənin iqtisadi inkişafına nail olmaq idi. Bu birmənalıdır ki, sabitlik hər bir dövlətin inkişafının təməl daşıdır. Azərbaycan bu baxımdan regionda fərqlənən ölkələrdən biri hesab olunur. Bu baxımdan İlham Əliyev ölkəni daha da inkişaf etdirmək, onu təkcə regionun deyil, eləcə də dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün iqtisadi sahədə məqsədyönlü addımlar atdı, müvafiq dövlət proqramları qəbul etdi. 2004-cü ildən başlayan Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları bu iqtisadi inkişaf üçün demək olar ki, baza rolunu oynadı. Proqramın uğurla icrası ölkənin iqtisadi-sosial baxımdan inkişafına zəmin yaratdı. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə hesablanmış addım idi ki, sözügedən proqramın sonrakı illərdə də mərhələli şəkildə davam etdirilməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı istqamətində mühüm addım oldu.

İqtisadi inkişaf və sosial rifah

İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatında təkcə qeyri-neft sektorunun inkişafı istiqamətindən mühüm əhəmiyyət kəsb edən addım atılmadı, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirildi. Həyata keçirilən infrastruktur layihələri, uğurlu sosial siyasət əhalinin rifah səviyyəsinin yüksəlməsinə xidmət etdi.

Sosial ədalət, əhalinin həssas təbəqələrinin müdafiəsi və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanıldı. Bu gün də həmin prinsiplər davam etdirilir.

Beynəlxalq nüfuz və müstəqil siyasət

İlham Əliyev ötən 22 ildə Azərbaycanı beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, söz sahibi olan dövlət kimi tanıtdı. Balanslaşdırılmış xarici siyasət kursu ölkənin həm regional, həm də qlobal səviyyədə mövqelərini möhkəmləndirdi. Məhz həyata keçirilən uğurlu xarici siyasət kursunun nəticəsidir ki, Azərbaycan bir çox beynəlxalq layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış edir.

Bu siyasət dövlətçiliyin əsas prinsiplərindən olan müstəqillik və milli maraqlara sadiqliyin beynəlxalq müstəvidə təzahürüdür.

Ata vəsiyətini həyata keçirən Lider



İlham Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən qarşısına qoyduğu başlıca məqsəd və vəzifələrdən biri də işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi idi. Bu həm Cənab Prezident üçün ata vəsiyyəti idi, həm də şərəf məsələsi. Cənab İlham Əliyev ölkənin bir nömrəli ali postuna əyləşən ilk gündən deyirdi ki, biz o torpaqlara qayıdacağıq. Cənab İlham Əliyev eyni zamanda deyirdi ki, nəyi nə zaman edəcəyini yaxşı bilir. Əlbəttə ki, İlham Əliyevin qarşısına qoyduğu bir nömrəli vəzifəni yerinə yetirməsi üçün zaman yetişməli idi. Bunun üçün hərbi potensial artırılmalı, ordunun maddi-texniki bazası gücləndirilməli idi. Ölkə iqtisadiyyatının inkişafı, neftdən gələn gəlirlərin hərbi potensialımızın gücləndirilməsinə sərf edilməsi həmin zamanı yetişdirdi və 2020-ci ilin sentyabrında Azərbaycana qarşı növbəti dəfə işğal planına əl atan Ermənistan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu qarşısında darmadağın olaraq işğal olunmuş ərazilərimizdən çıxarıldı. Cəmi 44 günə işğala son qoyan Ali Baş Komandan və Onun Müzəffər Ordusu 23 saata isə ərazi bütövlüyümüzü tam bərpa etməklə separatizmi kökündən kəsdi, Xankəndidə üçrəngli bayrağımızı dalğalandırdı. Bu baxımdan Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpası və qorunması onun liderliyinin ən mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Bu sahədə həyata keçirilən siyasət xalqın dövlətə olan inamını daha da gücləndirmiş, milli həmrəyliyi möhkəmləndirmişdir.

Bir sözlə, Prezident İlham Əliyev dövlət və dövlətçiliyə xidmət edən, milli maraqları hər zaman ön planda tutan bir lider kimi müasir Azərbaycan tarixində mühüm yer tutur. Onun fəaliyyəti güclü dövlət, sabit cəmiyyət və davamlı inkişaf konsepsiyasına əsaslanır.

İlham Məmmədov, Milli Məclisin deputatı
Xəbəri paylaş