
Son vaxtlar Mərkəzi Asiya regionuna beynəlxalq maraq artıb. Mərkəzi Asiya-Amerika, Mərkəzi Asiya-Avropa İttifaqı, eləcə də Mərkəzi Asiya-Yaponiya sammitlərinin keçirilməsi bunun bariz nümunəsidir. Maraqlıdır ki, Rusiya Mərkəzi Asiyanın sürətlə Qərbə doğru addımlamasını necə qarşılayır?
Məsələ ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Mərkəzi Asiya ölkələrinin Qərbə tərəf üz çevirməsini Rusiya istəmir:
"Amma, bunu zorla əngəlləmək gücündə olmadığını da bilir. Bütün bunlara rəğmən Rusiya Mərkəzi Asiyada baş verənlərlə barışıb, demək doğru olmazdı. Rusiya bölgəyə əvvəlki tək təsirini itirsə də, oyundankənar vəziyyətdə deyil. Hələ də Mərkəzi Asiya ölkələri ilə bir neçə platformada birlikdədir. Bu baxımdan Mərkəzi Asiyada güclərin baş-başa gəlmə ehtimalı yüksəkdir və hadisələrin gedişatı bunun xəbərçisidir".
Ekspert deyib ki, artıq qüvvələrin maraqları toqquşub, amma bu yaxın gələcəkdə bu regionda böyük qüvvələrin üz-üzə gələcəyi anlamı daşımır:
"Çünki, hazırda bölgə döyüş meydanı olaraq görünmür, geosiyasi rəqabətdən doğan "şahmat taxtası" rolunu oynayır, desək daha doğru olar. Amma, səhv siyasət və addımlar hər an bölgənin istər siyasi, istər iqtisadi sabitliyinin pozulmasına səbəb ola bilər".
Süleyman











































