Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlu xarici siyasət və qlobal təşəbbüslər

Uğurlu xarici siyasət və qlobal təşəbbüslər


Müasir dünyanın mürəkkəb və sürətlə dəyişən geosiyasi reallıqları dövlətlərdən düşünülmüş, ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət məhz bu prinsiplər üzərində qurularaq ölkəmizi regional gücdən qlobal etimad qazanan aktora çevirmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın xarici siyasəti daxili siyasətin məntiqi davamıdır və onun əsasını milli maraqlar təşkil edir.
Bu praqmatik yanaşma nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və sözünə hörmət edilən strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi diplomatiyamızın mühüm uğurlarından biridir. Ardınca 2019–2023-cü illərdə 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrliyi Azərbaycanın qlobal siyasətdə artan nüfuzunun və müstəqil mövqeyinin bariz göstəricisinə çevrilmişdir. Bu platformalarda Azərbaycan beynəlxalq hüquqa, ədalətə və bərabərliyə əsaslanan mövqeyi ardıcıl şəkildə müdafiə etmişdir.
Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər qlobal sülhün və humanitar həmrəyliyin möhkəmləndirilməsinə yönəlmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar sivilizasiyalararası dialoqun real nümunəsinə çevrilmişdir. COVID-19 pandemiyası dövründə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması və peyvəndlərə bərabər çıxışla bağlı qəbul edilən qətnamə Azərbaycanın qlobal məsuliyyət hissini nümayiş etdirmişdir.
Azərbaycan İslam dünyasında da birləşdirici və fəal mövqeyini qoruyur. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, Naxçıvan və Şuşanın İslam mədəniyyətinin paytaxtı seçilməsi ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir. Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək olması bu etimadı daha da möhkəmləndirir.
Bu gün Bakı eyni zamanda qlobal mədəniyyətlərarası dialoqun mühüm mərkəzlərindən biridir. Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu Azərbaycanın dünyaya açıq, tolerant və dialoqa hazır ölkə olduğunu təsdiqləyir.
Azərbaycan beynəlxalq təhlükəsizlik sahəsində də etibarlı tərəfdaş kimi çıxış edir. NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlıq və sülhməramlı missiyalarda iştirak ölkəmizin qlobal təhlükəsizliyə verdiyi töhfələrin göstəricisidir. Azərbaycan–Türkiyə münasibətləri və Şuşa Bəyannaməsi isə müasir dövrdə müttəfiqliyin uğurlu modelini formalaşdırmışdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın müstəqil, güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirərək ölkəmizin dünyaya açılan yolunu inamla davam etdirməsini təmin edir.

Səbinə Əliyeva. YAP üzvü
Xəbəri paylaş