Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ana dilini unutmuruq” layihəsi çərçivəsində dünya azərbaycanlılarının onlayn görüşü keçirilib

“Ana dilini unutmuruq” layihəsi çərçivəsində dünya azərbaycanlılarının onlayn görüşü keçirilib


Xəbər verildiyi kimi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana dilini unutmuruq” layihəsi icra olunur.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində mayın 16-da dünya azərbaycanlıları arasında “Ana dilini unutmuruq” adlı “Zoom” proqramı vasitəsilə onlayn görüş keçirilib. Tədbirdə AMEA Dilçilik İnstitutu və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də Niderland, Norveç, Avstriya, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Belarus, Almaniya, Misir, Polşa, Avstraliya, Küveyt və digər ölkələrdən soydaşlarımız iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə layihənin əsas məqsədinin dünya azərbaycanlıları arasında ana dilinə marağın artırılması, Azərbaycan dilinin düzgün istifadəsinin təşviqi və milli-mədəni bağlılığın gücləndirilməsi olduğunu bildirib. O qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın övladlarına Azərbaycan dilini öyrətməsi milli dəyərlərimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxışında ana dilinin xalqın milli kimliyini və mənəvi dəyərlərini yaşadan əsas amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində danışması və bu dili qoruması onların milli köklərə bağlı yetişməsində mühüm rol oynayır: “Mövcud dərsliklər və dərs vəsaitləri xaricdəki ana dilinin tədris sisteminə tam uyğun gəlmir. Bu səbəbdən Azərbaycan dilinə aid xüsusi dərslik dəsti hazırlanmalıdır”.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Layihələrin idarəolunması, humanitar məsələlər və İKT şöbəsinin aparıcı məsləhətçisi Zeynəb Rəşidova çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Diaspor fəaliyyətində ana dilinin qorunmasının mühüm istiqamətlərdən biri olduğunu deyən Zeynəb Rəşidova qeyd edib ki, belə layihələr xaricdə yaşayan azərbaycanlılar arasında milli birliyin və dilə bağlılığın möhkəmləndirilməsinə xidmət edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən və xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün nəzərdə tutulan “Milli Dilli” onlayn dərs layihəsini nümayş etdirib.

Azərbaycan dili fənni üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova isə çıxışında ana dilinin milli yaddaşın əsas daşıyıcısı olduğunu diqqətə çatdırıb. O, xaricdə yaşayan soydaşlarımızın övladlarının Azərbaycan dilini bilməsinin və milli-mədəni dəyərlərimizi mənimsəməsinin gələcəyimiz üçün vacibliyini qeyd edib.

Sonra müxtəlif ölkələrdən görüşə qatılan diaspor nümayəndələri çıxış edərək yaşadıqları ölkələrdə Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdikləri fəaliyyətlər barədə məlumat veriblər. Soydaşlarımız qeyd ediblər ki, xaricdə doğulub böyüyən uşaqların ana dilinə marağının artırılması üçün həftəsonu məktəblərinin, onlayn dərslərin və mədəni tədbirlərin təşkili mühüm əhəmiyyət daşıyır.
Çıxış edən diaspor üzvləri ailədə Azərbaycan dilində danışmağın vacibliyini xüsusi vurğulayıb, valideynlərin bu məsələdə məsuliyyətinin böyük olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, uşaqların milli kimliyini unutmaması üçün ana dili ilə yanaşı Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinin də təbliği vacibdir.

Soydaşlarımız müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri, həftəsonu məktəbləri və diaspor təşkilatlarının gördüyü işlərdən danışaraq belə layihələrin dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər. Eyni zamanda iştirakçılar ana dilinin öyrədilməsi üçün müasir rəqəmsal platformaların və interaktiv tədris vasitələrinin hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda iştirakçılar layihə təşkilatçılarına təşəkkür edərək gələcəkdə də ana dilinin qorunmasına xidmət edən birgə təşəbbüslərdə fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.

Arzu
Xəbəri paylaş