Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələcəyin şəhəri insan mərkəzli, ədalətli, inklüziv və təhlükəsiz olmalıdır

Gələcəyin şəhəri insan mərkəzli, ədalətli, inklüziv və təhlükəsiz olmalıdır


WUF 2001-ci ildə BMT tərəfindən yaradılıb. İlk Ümumdünya Şəhərsalma Forumu 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib. Bu gün WUF BMT-nin İnsan Məskənləri Proqramı, yəni UN-Habitat tərəfindən çağırılan, qanunverici deyil, lakin yüksək beynəlxalq nüfuza malik qlobal texniki və siyasi dialoq platformasıdır. Onun əsas məqsədi sürətli urbanizasiya, mənzil böhranı, iqlim riskləri, şəhər bərabərsizliyi və dayanıqlı inkişaf məsələlərinə qlobal cavab formalaşdırmaqdır.

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov deyib. Onun sözlərinə görə, hüquq müdafiəçisi baxışından WUF-un əhəmiyyəti ondadır ki, şəhərsalma yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də insan hüquqları məsələsidir:

"Çünki şəhər insanın yaşamaq, təhlükəsizlik, sağlam mühit, əlçatan mənzil, nəqliyyat, təhsil, səhiyyə və ləyaqətli həyat hüququnun həyata keçdiyi əsas məkandır.
Bu baxımdan gələcəyin şəhəri yalnız hündür binalar, yollar və texnologiyalar üzərində qurulmamalıdır. Gələcəyin şəhəri insan mərkəzli, ədalətli, inklüziv və təhlükəsiz olmalıdır. Ən son nəsil texnologiyalar, süni intellekt, rəqəmsal idarəetmə, “ağıllı şəhər” sistemləri, yaşıl enerji, sensor əsaslı nəqliyyat, tullantıların idarə olunması və iqlimə davamlı infrastruktur yalnız bir məqsədə xidmət etməlidir: insan həyatını asanlaşdırmaq və insan ləyaqətini qorumaq".

David Seliverstov qeyd edib ki, 2026-cı ildə Bakıda keçirilən WUF13 “Housing the World: Safe and Resilient Cities and Communities” mövzusu ilə mənzil, təhlükəsiz və dayanıqlı icmalar məsələsini qlobal gündəmin mərkəzinə çıxarır:

"Forum 17–22 may 2026-cı il tarixlərində Azərbaycan hökumətinin ev sahibliyi və UN-Habitat ilə tərəfdaşlıq çərçivəsində keçirilir. “Şəhərləri beton böyüdür, amma onları yaşadan insan ləyaqətidir.”

Onun sözlərinə görə,Azərbaycan üçün bu platforma xüsusi əhəmiyyət daşıyır:

"İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, yaşıl enerji zonaları və müasir infrastruktur modeli WUF-un dayanıqlı urbanizasiya fəlsəfəsi ilə uyğunluq təşkil edir. Hüquq müdafiəçisi kimi hesab edirəm ki, şəhərlərin gələcəyi yalnız texnologiya ilə deyil, texnologiyanın insan hüquqları ilə uzlaşdırılması ilə müəyyən olunmalıdır.

Ən müasir şəhər o şəhərdir ki, orada texnologiya insanı əvəz etmir, insana xidmət edir. Şəhər betonun deyil, insan ləyaqətinin məkanı olmalıdır".

Süleyman
Xəbəri paylaş