
Azərbaycan dünya miqyasında sürətli inkişaf edən ölkələrdən biri kimi diqqət mərkəzindədir. Ölkəmiz yalnız iqtisadi gücü və beynəlxalq siyasətdə artan nüfuzu ilə deyil, eyni zamanda qədim tarixini və zəngin mədəniyyətini qoruyub yaşatması ilə də seçilir. Azərbaycanın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri, memarlıq abidələri, musiqi irsi və ədəbi ənənələri xalqımızın keçmişinin nə qədər dərin köklərə malik olduğunu göstərir.
2026-cı il mayın 18-də Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (Wuf 13) çıxış edən Prezident Cənab İlham Əliyev də bu məsələyə xüsusi diqqət ayırıb. Ölkə başçısı bildirmişdir ki, Azərbaycan xalqı özünün qədim mədəniyyəti, zəngin musiqisi, poeziyası və tarixi memarlıq nümunələri ilə haqlı olaraq qürur duyur. Onun fikirlərində əsas məqam ondan ibarət idi ki, ölkəmizin keçmişdən gələn irsi bu gün də qorunur, inkişaf etdirilir və müasir dövrün tələblərinə uyğun şəkildə dünyaya təqdim olunur.
Xüsusilə, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Hazırda dövlət tərəfindən Böyük Qayıdış Proqramı uğurla icra olunur və əsas məqsəd uzun illər doğma yurdlarından uzaq düşmüş insanların təhlükəsiz və rahat şəkildə öz torpaqlarına qayıdışını təmin etməkdir. Bu çərçivədə şəhər və kəndlərin Baş planları hazırlanır, yaşayış məntəqələri yenidən qurulur və bütün layihələr ən müasir şəhərsalma standartlarına uyğun şəkildə həyata keçirilir.
Azad olunmuş ərazilərdə qısa müddət ərzində nəhəng infrastruktur layihələri reallaşdırılıb. Son beş ildə bölgədə inşa edilən tunellərin ümumi uzunluğu 70 kilometrə çatıb və yaxın illərdə daha beş tunelin tikilməsi nəzərdə tutulur. Eyni zamanda, 500 körpüdən artıq 435-i istifadəyə verilib. Bununla yanaşı, yeni elektrik stansiyaları qurulub, su təchizatı xətləri və su anbarları yaradılıb, yaşayış binaları, məktəblər, xəstəxanalar tikilib. Bölgənin nəqliyyat imkanlarını genişləndirmək məqsədilə üç beynəlxalq hava limanı istifadəyə verilib, dəmir yolları çəkilib və müasir avtomobil yolları salınıb.
Bütün bu layihələr cəmi beş il ərzində həyata keçirilib və onların hər biri müasir şəhərsalma konsepsiyasına uyğun şəkildə planlaşdırılıb. “Ağıllı şəhər” və “ağıllı kənd” modelləri əsasında qurulan yeni yaşayış məntəqələrində ekoloji təmiz texnologiyalardan istifadə olunur, dayanıqlı inkişaf prinsipləri əsas götürülür. Bu işlər bir tərəfdən Qarabağın əvvəlkindən daha gözəl və inkişaf etmiş bölgəyə çevrilməsinə xidmət edir, digər tərəfdən isə Azərbaycanın gücünü, iqtisadi imkanlarını və gələcəyə hesablanmış inkişaf siyasətini bütün dünyaya nümayiş etdirir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































