Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WUF 13-ün Azərbaycanda keçirilməsi qədim şəhərsalma və memarlıq irsimizə verilən yüksək dəyərin göstəricisidir

WUF 13-ün Azərbaycanda keçirilməsi qədim şəhərsalma və memarlıq irsimizə verilən yüksək dəyərin göstəricisidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan olunması dövlətimizin milli-mədəni irsə, qədim memarlıq ənənələrinə və müasir urbanizasiya siyasətinə verdiyi yüksək önəmin bariz nümunəsidir. Bu mühüm sərəncam yalnız memarlıq və şəhərsalma sahəsinin inkişafına xidmət etmir, eyni zamanda xalqımızın minilliklərə söykənən zəngin tarixi-mədəni irsinin beynəlxalq müstəvidə geniş təbliği baxımından da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan tarix boyu Şərqlə Qərbin qovşağında yerləşən, yüksək şəhərsalma mədəniyyətinə malik qədim sivilizasiya mərkəzlərindən biri olmuşdur. Ölkəmizin müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri, qədim yaşayış məskənləri, qala kompleksləri, karvansaralar, məscidlər və memarlıq abidələri Azərbaycan xalqının hələ qədim dövrlərdən yüksək şəhərsalma və memarlıq ənənələrinə sahib olduğunu sübut edir. İçərişəhər, Şəki Xan Sarayı, qədim Alban məbədləri, eləcə də müxtəlif tarixi memarlıq nümunələri xalqımızın zəngin estetik düşüncəsinin və mühəndislik təfəkkürünün göstəricisidir.

Məhz bu baxımdan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu mötəbər beynəlxalq tədbirin ölkəmizə etibar olunması Azərbaycanın dünya miqyasında artan nüfuzunun, həyata keçirilən uğurlu dövlət siyasətinin və xüsusilə şəhərsalma sahəsində qazanılan nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış kompleksləri, sosial obyektlər, parklar, yollar və infrastruktur layihələri reallaşdırılmışdır. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri dünyanın diqqət mərkəzindədir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın müasir şəhərsalma modelinin ən qabaqcıl beynəlxalq standartlara uyğun formalaşdırıldığını nümayiş etdirir.

Cənab Prezidentin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yalnız regionun deyil, bütövlükdə dünyanın mühüm humanitar, siyasi və mədəni tədbirlərinə uğurla ev sahibliyi edən nüfuzlu dövlətə çevrilmişdir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi də ölkəmizə göstərilən böyük etimadın və hörmətin təzahürüdür.

Şübhəsiz ki, bu forum Azərbaycanın qədim şəhərsalma və memarlıq ənənələrinin, milli-mədəni irsinin, eyni zamanda müasir inkişaf modelinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmasına mühüm töhfə verəcəkdir. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər, memarlar, urbanistlər və dövlət nümayəndələri Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və müasir inkişaf strategiyasını yaxından görmək imkanı əldə edəcəklər.

Bu mühüm hadisə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm öz tarixi-mədəni irsini qoruyub yaşadan, həm də müasir şəhərsalma prinsiplərini uğurla tətbiq edən qüdrətli və nüfuzlu dövlət kimi beynəlxalq aləmdə mövqeyini gündən-günə daha da möhkəmləndirir.

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş