Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Allahverənov Şimali Kipr Türk Respublikası QHT nümayəndələri ilə görüşüb

Deputat Azər Allahverənov Şimali Kipr Türk Respublikası QHT nümayəndələri ilə görüşüb


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Şimali Kipr Türk Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi xanım Ufuk Turqaner və nümayəndəliyin 3-cü katibi Görkem Reis, həmçinin Şimali Kipri təmsil edən bir sıra ictimai təşkilat rəhbərləri – Kuzey Kıbrıs Genç İş İnsanları Dərnəyinin (GİAD) nümayəndəsi Yusuf Tekinay, Kıbrıs Türk Girişimci Kadınlar Dərnəyinin (GİKAD) rəhbəri Gülnur Sadıkoğlu, Şehit Aileleri ve Malul Gaziler Dərnəyinin nümayəndəsi Barış Buba, Kuzey Kıbrıs Tanıtma Platformasının rəhbəri Okyay Sadıkoğlu, Kıbrıs Türk İş İnsanları Dərnəyinin (İŞAD) təmsilçisi İlhami Bilgen və Kıbrıs Türk Mavi Vatan Dərnəyinin nümayəndəsi Metin Yılğın iştirak ediblər. Azərbaycan tərəfdən isə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ülvi Məmmədəliyev görüşə qatılıblar.

Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən görüş zamanı Baş katib Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Katibliyinin fəaliyyəti və həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O bildirib ki, Türk dünyası ölkələrinin QHT-ləri arasında əlaqələrin genişlənməsi, birgə layihələrin həyata keçirilməsi və davamlı əməkdaşlıq münasibətlərinin qurulması ictimai diplomatiyanın inkişafına, ortaq mənəvi-mədəni dəyərlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Görüş zamanı Şimali Kipr Türk Respublikasından olan QHT nümayəndələri tərəfindən bir sıra təşəbbüs və təkliflər səsləndirilib. Bildirilib ki, həssas qruplar, xüsusilə şəhid ailələri arasında qarşılıqlı əlaqələrin və koordinasiyanın gücləndirilməsi vacib istiqamətlərdən biridir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri üçün vahid rəqəmsal platforma və internet saytının yaradılması təklif olunub. Qeyd edilib ki, bu platforma vasitəsilə müxtəlif ölkələrdən olan QHT nümayəndələrinin rahat şəkildə əlaqə qurması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi mümkün olacaq.

Müzakirələr zamanı həm Şimali Kiprdə, həm də Qarabağda şəhidlərin xatirəsinə həsr olunmuş abidələrin inşası, Türk dünyasında fəaliyyət göstərən sahibkar qadın təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də QHT-lər vasitəsilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Eyni zamanda, gənclər və idman sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Şimali Kipr və Azərbaycan gəncləri arasında qarşılıqlı səfərlərin, tələbə və idman mübadilə proqramlarının təşkilinin Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə və gənclərin sağlam həyat tərzinin təşviqinə töhfə verəcəyi bildirilib.

Süleyman
Xəbəri paylaş