Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə Nazirliyində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilib

Ədliyyə Nazirliyində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilib


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Metyu Morinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş və Beynəlxalq əməkdaşlıq baş idarələrinin nümayəndələri iştirak ediblər.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi arasında yerli özünüidarəetmə institutunun gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində uzunmüddətli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ədliyyə Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycanda bələdiyyə institutunun mövcud vəziyyəti, yerli özünüidarəetmə sahəsində həyata keçirilən islahatlar, bələdiyyələrin institusional potensialının artırılması, maliyyə dayanıqlığının gücləndirilməsi, şəffaflıq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi barədə məlumat verilib.

Bildirilib ki, son dövrdə ölkədə yerli özünüidarəetmə sahəsində mühüm islahatlar həyata keçirilib. Bələdiyyələrin birləşdirilməsi nəticəsində daha dayanıqlı və geniş imkanlara malik bələdiyyə qurumlarının formalaşdırılması, yeni seçilmiş bələdiyyə üzvləri ilə maarifləndirmə və metodoloji işin təşkili, habelə “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron sənəd dövriyyəsinin təşkili və bələdiyyələrin vahid informasiya sisteminin inkişafı bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edən əsas istiqamətlər kimi qeyd edilib.

Metyu Mori sonuncu monitorinqdən keçən dövrdə Azərbaycanda yerli özünüidarəetmə sahəsində həyata keçirilən islahatları təqdirəlayiq hesab etdiyini bildirib. Bununla yanaşı, ehtiyac duyulan sahələr üzrə birgə layihələrin hazırlanmasına və praktiki əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını diqqətə çatdırıb.

Tərəflər yerli özünüidarəetmə sahəsində dialoqun davam etdirilməsi, ekspert dəstəyinin gücləndirilməsi, qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Süleyman
Xəbəri paylaş