
"Cəmiyyətin gözləntilərinə və sosial islahat tələblərinə qarşı çıxmaq düzgün siyasi yanaşma deyil. Bu gün sosial-iqtisadi problemlərin həlli, insanların rifahının yaxşılaşdırılması artıq zamanın və dövlətçilik düşüncəsinin tələbidir.
Siz və digər millət vəkilləri cəmiyyətlə ziddiyyət yaratmaq əvəzinə, seçildiyiniz Neftçala rayonunun problemləri ilə bağlı təşəbbüslərlə çıxış etməlisiniz".
Newscenter.az xəbər verir ki, bunları ictimai-siyasi fəal Rəşad Quliyev Milli Məclisin deputatı Günay Ağamalının uşaq pulu ilə bağlı səsləndirdiyi son fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, işsizlik, sosial təminat çatışmazlığı, regionlarda iqtisadi gerilik, sərhədlərin bağlı qalmasının iqtisadiyyata vurduğu zərərlər, sosial müavinət ala bilməyən vətəndaşların vəziyyəti kimi məsələlər daha vacib və prioritet mövzulardır:
"Eyni zamanda Qarabağda aparılan tikinti işlərində keyfiyyətə və dövlət nəzarətinə xüsusi diqqət ayrılması da cəmiyyət üçün mühüm məsələlərdən biridir. Sosial dəstək mexanizmlərinin, xüsusilə uşaqpulu kimi sosial təminatların genişləndirilməsi cəmiyyətin haqlı tələbidir. Maddi çətinlik içində yaşayan ailələrin bu dəstəyə ehtiyacı var. Yüksək gəlirli şəxslərin və ya imkanlı insanların buna ehtiyacı olmadığı halda, aztəminatlı ailələrin sosial yardım tələb etməsi tamamilə təbii və qanuni hüquqdur. Bu hüquqlara qarşı çıxmaq vətəndaşların sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunur".
Rəşad Quliyev hesab edir ki, millət vəkili savadsızdır və ya düşüncəsiz insan deyil:
"Məhz buna görə də ortaya sual çıxır. Cəmiyyətin bu qədər həssas yanaşdığı bir məsələdə niyə xalqın mövqeyinə qarşı çıxılır?
Milli Məclis yalnız mandat sahibi olmaq üçün deyil, dövlət idarəçiliyini, iqtisadiyyatı, hüququ və qanunvericilik prosesini dərindən anlayan şəxslərin fəaliyyət göstərdiyi mühüm bir platformadır. Çünki burada ölkənin gələcəyinə təsir edən qərarlar və qanunlar müzakirə olunur.
Bəlkə siz uğurlu sahibkar ola bilərsiniz, amma millət vəkili olaraq cəmiyyətin əsas sosial tələblərinə qarşı mövqe sərgiləmək siyasi baxımdan uğurlu yanaşma hesab oluna bilməz.
Çünki xalqın haqq tələbini eşitməmək, insanların sosial rifah istəklərinə qarşı çıxmaq cəmiyyətlə dövlət arasında etimadı zəiflədir".
Süleyman












































