
Ötən əsrin əvvəllərində dünyada baş verən mühüm siyasi hadisələr Azərbaycan xalqının taleyindən də yan keçmədi. Rusiya imperiyasında baş verən siyasi böhran və inqilablar imperiyanın tərkibində yaşayan ayrı-ayrı xalqlarda milli azadlıq hərəkatının vüsət almasına yol açdı. Hər nə qədər imperiya buna mane olmağa çalışsa da, yetişən tarixi zərurət xalqların öz müstəqilliklərini elan etməsinin qarşısını ala bilmədi. Zaqafqaziya Seyminin dağılması ilə 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla ölkənin müstəqilliyini dünyaya bəyan etdi. Beləliklə, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Şərqin ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında həlli vacib məsələlər dayanırdı. İlk növbədə, müstəqil respublikanın demokratik və hüquqi təsisatları formalaşmalı idi və 1918-ci ilin sonunda Azərbaycan Parlamenti fəaliyyətə başladı. Tam demokratik prinsiplər əsasında formalaşdırılmış parlamentdə müxtəlif siyasi partiyaların və millətlərin nümayəndələri təmsil olunurdu. Parlamentdə azərbaycanlılarla yanaşı, ruslar, ermənilər, yəhudilər və digər xalqların nümayəndələri də iştirak edirdi ki, bu da Azərbaycan dövlətinin demokratikliyini və tolerantlığını dünyaya nümayiş etdirirdi. Bu, həm də Azərbaycan Xalq Cümhuriyyətinin bütün ölkə vətəndaşlarına seçib-seçilmək hüququ verməsi idi. Təsadüfi deyil ki, müsəlman aləmində qadınlara ilk dəfə seçib-seçilmək hüququ da məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdi.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tarixində mühüm qərarlara imza atdı, milli dövlət atributlarını yaratdı. 1918-ci ildə dövlət bayrağı qəbul edildi. Müstəqil dövlətin əsas dayaqlarından birinin milli ordu olduğunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə nizami ordu yaratmağa nail oldu. Milli ordunun yaradılması ölkənin ərazi bütövlüyünün qorunması və təhlükəsizliyin təmin edilməsi üçün vacib amillərdən biri idi.
Milli hökumət Azərbaycanın təhsil və mədəniyyət sahəsində də uğurlara imza atdı. Hökumət savadsızlığın aradan qaldırılması və milli kadrların hazırlanmasını əsas məqsədlərdən biri hesab edərək 1919-cu ildə Bakı Dövlət Universitetini təsis etdi. Bu hadisə Azərbaycanın elm və təhsil tarixində yeni və mühüm bir mərhələ sayılırdı. Məktəblərin sayı artırıldı, ana dilində tədris genişləndirildi, milli mədəniyyətin inkişafına şərait yaradıldı.
Bütün uğurlara baxmayaraq, Cümhuriyyət ağır siyasi və hərbi vəziyyətdə fəaliyyət göstərirdi. Sovet Rusiyası Cənubi Qafqazı nəzarət altına almağa çalışırdı. Nəticədə, 1920-ci ilin aprelində bolşevik ordusu Azərbaycana daxil oldu və 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ölkədə sovet hakimiyyətinin qurulması ilə Azərbaycan öz müstəqilliyini müvəqqəti olaraq itirmiş oldu.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycan xalqının tarixində silinməz iz qoydu. Bu dövlət milli dövlətçilik ənənələrinin bərpasını təmin etdi, demokratik idarəetmə modeli yaratdı və xalqın azadlıq arzularını reallaşdırdı.
XX əsrin sonlarında yaranmış yeni siyasi şərait Azərbaycana yenidən müstəqilliyini bərpa etmək imkanı yaratdı. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olundu. Konstitusiya Aktında 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdi.
Onu da qeyd etmək yerinə düşər ki, yeni müstəqil Azərbaycanın da Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsi vardı. Çünki Moskva heç bir halda Azərbaycanın müstəqil dövlət olmasını qəbul etmir, buradakı əlaltıları vasitəsilə Bakını yenidən Kremlin vassalına çevirməyə çalışırdı. Hakimiyyət çevrilişi cəhdləri, ermənilərin silahlandırılaraq Qarabağda azərbaycanlılara qarşı qaldırılması, başlanan işğalçılıq siyasəti məhz həmin ssenarinin tərkib hissəsi idi.
Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli addımlar atdı, ölkədə mövcud olan siyasi gərginliyi aradan qaldırdı, dövlətin parçalanması təhlükəsinin qarşısını alaraq davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dünyada tanınan nüfuzlu dövlətə çevrildi.
Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Onu da qeyd etmək yerinə düşər ki, hələ 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu.
Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola böyük qiymət verən, Cümhuriyyətin elan olunduğu tarixi yüksək dəyərləndirən Ulu Öndər bu mənada deyirdi: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yolu yüksək qiymətləndirir, onun hüquqi varisi olaraq müstəqil Azərbaycanı uğurlara aparır. Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağını işğaldan azad olunmuş bütün ərazilərdə dalğalandırması, suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa etməsi bunun əyani sübutudur. Eyni zamanda, Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidənin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında imzalanan sərəncamlar, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis olunması, eləcə də digər addımlar dövlət başçısı səviyyəsində Cümhuriyyət qurucularına olan hörmət və ehtiramın təcəssümüdür.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı










































