
Siyasət və diplomatiyada əsas məsələ uzunömürlü yol, sağlam müzakirələr, dialoq və rasional yanaşmadan keçir. İlk öncə bu strategiya idarəetmə modelinin prioriteti olmalıdır. Daxili sabitlik, cəmiyyətdə etimad, o cümlədən xaricdə etibarlı tərəfdaşlıq bu, əsasən ağıllı diplomatiya ilə qurulur. Biz dövlət olaraq institusional sabitliyi, dərin və mənəvi tellərlə yaranan etimadı və beynəlxalq tərəfdaşlığımızı möhkəmləndirmişik.
Bəzən dövlətçilik prinsiplərini qorumaq, dövlətin milli maraq və mənafeyini qorumaq üçün müvafiq qaydada sərt və yumşaq gücdən istifadə olunur. Dövlətçilik anlayışını dərk edənlər tərəfindən bu da sağlam siyasi yanaşma kimi qəbul edilir. Çünki bu addımlar sağlam dövlət qurmağa xidmət edir. Siyasətin fəlsəfi mahiyyəti, idarəetmənin ən müdrik modeli dövlətin milli təhlükəsizliyini, ərazi bütövlüyünü, suverenliyini terror və xarici təzyiq kimi amillərə qarşı sərt siyasi mövqe ortaya qoyaraq siyasətdə sərt güc nümayiş etdirir. Yəni dövlət siyasi qürurunu qorumaq üçün sərt və şərəfli gücdən istifadə edir. Amma daxildə isə bu təhlükələrə dolayısı ilə və birbaşa dəstək verən qüvvələrə qanunların tətbiqi ilə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, o cümlədən siyasi qətiyyət nümayiş olunanda, yəni yumşaq güc tətbiq olunanda həmin qüvvələr özlərini "dadsız manyaklar" kimi aparmağa başlayırlar.
Siyasətdə ifrat emosionallıq aqressiya, məntiqdən çox kor-koranə siyasətə üstünlük verənlər siyasəti sağlam müzakirə kimi yox, düşmənçilik kimi görür. Cəmiyyətdə qarşıdurma yaratmağa cəhd edir. Həmin şəxslər özlərini və ideologiyalarını mütləq həqiqət kimi qəbul edirlər. Belə ifrat radikallıq cəmiyyətin sabitliyini və birliyini poza bilir.
Bu kimlərə lazımdır? Dövləti satmağa hazır olanlara şəxsi ambisiyalara görə, milli maraqları qurban verənlərə. Bax yumşaq gücün istifadəsi belə təqdirdə labüd olur. Tətbiq olunan qanuni güc dövlətin, millətin milli maraqlarından irəli gələn addımlar manipulyasiya edilərək başqa cür təqdim olunur. Lakin artıq cəmiyyət bu "dadsız manyakları" tanıyır. Cəmiyyət bu gün milli strateji maraqların ətrafında sıx birləşib. Biz öz sərt üzümüzü ermənilərə və onları idarə edən siyasi manyaklara 44 günlük müharibədə göstərdik. Yumşaq gücdən isə hakimiyyətimiz daxildə istifadə etmək məcburiyyətində qaldı. İndi müqayisə etdikdə bizim üçün təbii ki, dövlətimizin taleyi, varlığı, inkişafı maraqlıdır. Kiminsə ağılsız siyasi şıltaqlığı və manyaklığı yox.
Dəyərli soydaşlar, əsas bizim üçün önəmli olan dövlətimizin gələcəyidir. Çünki bu dövlət övladlarımızın gələcək təminatının əsasıdır. Cənab İlham Əliyevə etimad göstərən, hazırda aparılan siyasi ideologiyaya dəstək verən müdrik xalqımız gələcək nəsillər qarşısında şərəfli bir keçmiş və tarix yazır.
Hər şey Azərbaycan üçün, hər şey Vətən üçün!
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































