
Air France sərnişin təyyarəsi, yeni tətbiq edilən Ebola səyahət məhdudiyyətlərinə baxmayaraq, Konqo Demokratik Respublikasından olan bir sərnişinin səhvən təyyarəyə minməsinə icazə verildikdən sonra marşrutunu dəyişdirməyə məcbur olub.
Newscenter.az xarici mediaya istinadən xəbər verir ki, Parisdən qalxan və ABŞ-ın Detroyt şəhərinə gedən təyyarə, ABŞ gömrük rəsmilərinin eniş icazəsi verməkdən imtina etməsindən sonra Kanadanın Monreal şəhərində təcili eniş edib.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) bildirib ki, Ebola virusu riskini azaltmaq üçün tətbiq edilən giriş məhdudiyyətləri səbəbindən sərnişinin təyyarəyə minməsinə icazə verilməməli idi.
Bəyanatda deyilir ki, CBP qətiyyətli tədbirlər gördü və bu sərnişini daşıyan təyyarənin Detroyt Metropolitan Wayne County Hava Limanına enməsini qadağan etdi, təyyarəni Monreala yönləndirdi.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri Şərqi və Mərkəzi Afrikadan yeni Ebola epidemiyalarının ölkəyə daxil olmasının qarşısını almaq üçün müvəqqəti tədbirlər həyata keçirir.
Bu tədbirlərə əsasən, son 21 gün ərzində Uqanda, Konqo Demokratik Respublikası və ya Cənubi Sudanda olan və ABŞ pasportuna malik olmayan xarici vətəndaşların ölkəyə girişi 30 gün müddətinə məhdudlaşdırılıb.
Yeni qaydalara əsasən, təsirlənmiş ərazilərdən xarici sərnişinləri daşıyan bütün uçuşların yalnız Virciniya ştatındakı Vaşinqton-Dalles Beynəlxalq Hava Limanına enməsinə icazə veriləcək.
Arzu












































