
"Türkiyə Cümhuriyyət tarixinin prinsipial dövrünü yaşayır. CHP daxilində baş verən proseslərin mahiyyətini Atatürk ideallarından uzaqlaşmış partiyanın yenidən öz əvvəlki məcrasına qaytarmaq kimi dəyərləndirmək olar".
Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, rüşvət, korrupsiya hallarının mövcud olduğu bildirilən CHP daxilindəki mühit həqiqətən də partiyanın qurucusu Atatürkün ideallarından kənara çıxmaqdan başqa bir şey deyildir:
"CHP-nin yeni dünya düzənində Türkiyənin artan nüfuzu fonunda yürütdüyü siyasət həqiqətən də partiyanı elə bir duruma sürükləmişdi ki, bu siyasi qüvvənin adı xain və satqınlıqda hallanırdı. CHP Türkiyə Cümhuriyyətinin inkişafının önündə daxili əngələ çevrilmiş, bu inkişafın qarşısını almaq üçün partiya yönəticilərinin əlində bir alət olmuşdu. Qeyd edilənlər əslində Türkiyə mediasında səsləndirilən fikirlərdir. Son hadisələr onu göstərir ki, Türkiyə dövləti məlum prosesi başlatmaqla həm tarixi ədaləti bərpa etmək istəyir, həm də CHP-ni də Türkiyə dövlətinin inkişafında şərik etmək istəyir".
Azər Qasımov hesab edir ki, bu dəyişikliklər Türkiyə dövləti üçün yeni siyasi imkanlar yaradacaq:
"Azərbaycan dövləti olaraq Türkiyədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq həmişə onların atdığı addımları məqbul hesab edirik. Azərbaycan dövləti və xalqı olaraq Türkiyənin inkişafının yanındayıq".
Süleyman












































