
"Bu gün, 1963-cü ildə Əddis-Ababada Afrika liderləri bir həqiqəti dünyaya göstərdilər: xalqların taleyi yalnız güclə deyil, ləyaqət və siyasi iradə ilə müəyyən olunur. Onlar fərqli dillərə, fərqli tarixlərə malik olsalar da, bir ortaq prinsip ətrafında birləşmişdilər — insanın öz taleyini müəyyənləşdirmək hüququ toxunulmazdır".
Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov deyib. O bildirib ki, bu prinsip bu gün də aktuallığını qoruyur:
"Müasir dünyada siyasi proseslər artıq yalnız daxili məsələ deyil. Dövlətlərarası münasibətlər, regional təhlükəsizlik, qlobal güc balansı və beynəlxalq maraqlar bir çox ölkələrin siyasi gələcəyinə təsir edir. Türkiyədə baş verən hadisələr də emosional deyil, məhz bu geosiyasi və hüquqi reallıqlar fonunda qiymətləndirilməlidir.
Əgər hüquq pozuntuları ilə bağlı iddialar mövcuddursa, onların araşdırılması hüquqi prosedurlar çərçivəsində həyata keçirilməlidir. Hüququn əsası emosiyalar deyil, sübutdur. Dövlət institutlarına qarşı qarşıdurma və küçə gərginliyi isə bəzən cəmiyyətin öz sabitliyini risk altına qoyur".
Onun sözlərinə görə, tarix göstərir ki, böyük dövlətlərin siyasi kursu çox zaman yalnız daxili siyasi rəqabətlə deyil, beynəlxalq güc mərkəzlərinin yanaşmaları və regional sabitlik faktorları ilə də formalaşır:
"Bu səbəbdən siyasi mübarizə dağıdıcı qarşıdurmaya deyil, hüquqi institutlara, siyasi dialoqa və ictimai məsuliyyətə söykənməlidir. Afrika azadlıq mübarizəsi bizə bir dərs verdi. Azadlıq yalnız qazanılmır, həm də qorunur. Lakin onu qorumağın ən güclü yolu xaos deyil, hüquqdur.
Çünki sabitlik olmayan yerdə nə azadlıq uzunömürlü olur, nə də insan ləyaqəti tam şəkildə yaşaya bilir. Bu gün dünyaya ən çox lazım olan şey qarşıdurma deyil, hüquqa əsaslanan siyasi müdriklikdir".
Süleyman












































