
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlıq mərhələsində erməni cəmiyyəti, siyasi dairələri ilə yanaşı Rusiya da müəyyən mənada aktiv görünür. Kreml ciddi cəhdlə çalışır ki, bu seçkilərdə ona yaxın olan siyasi qüvvələr Ermənistan parlamentinə nəzarəti ələ bilsin. Bir çoxları isə iddia edir ki, Rusiya Ermənistanda istədiyinə nail ola bilməyəcəyi təqdirdə seçkidən sonra Ermənistana qarşı müxtəlif təsir vasitələrindən istifadə edə bilər.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən siyasi şərhçi Elçin Ağamalı deyib ki, seçkilərdə istədiyi nəticəni əldə edə bilməyəyəcəyi təqdirdə Rusiya güc vasitəsilə seçkilərin nəticələrini dəyişməyə cəhd edə bilər:
"Bu sahədə Rusiya xüsusi xidmət orqanlarının və Moskvanın maraqlarına xidmət edən revanşist qüvvələrin zəngin təcrübəsi vardır. 1999- cu ildə Baş Nazir və spikerin də aralarında olduğu 8 nəfərin ölümü ilə nəticələnən parlamentdə baş verən terror hadisəsini və 2008-ci ilin mart ayında seçki saxtakarlığına qarşı çıxan vətəndaşların etirazının silah gücünə yatırılmasını xatırlamaq kifayətdir. Hər iki qanlı hadisə Moskvanı qane edən siyasi qüvvənin hakimiyyətə gəlməsinə xidmət etmişdir".
Elçin Ağamalı qeyd edib ki, Ermənistandakı mövcud durum əvvəlki illərdən fərqli olsa da müxtəlif ssenarilərdə çevriliş cəhdi təkrarlana bilər:
"Düşünürəm ki, Azərbaycanın və bütöv Cənubi Qafqazın maraqları naminə dövlətimiz Türkiyə ilə birlikdə Ermənistandakı seçki prosesinə və seçkidən sonrakı mərhələdə xarici təsir risklərini ortadan qaldırmaq üçün Ermənistana dəstək verə bilər. Bölgəmiz Rusiya təsirindən azad olmağa heç zaman olmadığı qədər yaxındır və bu fürsət maksimum dərəcədə dəyərləndirilməlidir".
Süleyman












































