
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri təkcə İrəvanın yaxın qonşuları deyil, eləcə də uzaq ölkələr tərəfindən maraqla izlənilir. Bu ərəfədə Birləşmiş Ştatların dövlət katibi Marko Rubionun İrəvana gözlənilən səfəri də təsadüfi hesab edilmir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki, ABŞ üçün əsas məsələ Paşinyan hesab oluna bilməz:
"Burada əsas məqsəd, Rusiyanın arxa baxçası hesab edilən Ermənistandan və bir az da dolğun şəkildə ifadə etsək, Cənubi Qafqazdan Rusiyanı zəiflədərək sıxışdırıb çıxarmaqdır".
Çingiz Şahbazi bildirib ki, ABŞ artıq bu regionu enerji, tranzit və Çin-Rusiya-İran xəttinə alternativ loqistika marşrutu kimi görür:
"Zəngəzur dəhlizi layihəsini də məhz bu məqsədlə dəstəkləyir. Vaşinqton, Ermənistan və Azərbaycan arasında sülh prosesinə birbaşa dəstək verir və bu prosesin çökməsinə imkan vermək istəmir. ABŞ bunu həm regional sabitlik, həm də yeni ticarət dəhlizlərinin açılması baxımından strateji hesab edir. Bu baxımdan ABŞ dövlət katibinin səfəri daha çox Paşinyanı seçkiyə qədər gücləndirməyə hesablanıb və Ermənistanı Moskvanın orbitindən tamamilə çıxarmaq cəhdləri olaraq belə səfərlər hesab edirəm ki, seçkilərdən sonra da davam edəcək".
Süleyman












































