Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarovanın Serbuyaya səfəri zamanı beynəlxalq parlament təşkilatları çərçivəsində iş birliyi nəzərdən keçirilib

Sahibə Qafarovanın Serbuyaya səfəri zamanı beynəlxalq parlament təşkilatları çərçivəsində iş birliyi nəzərdən keçirilib


"Bildiyiniz kimi, Milli Məclisin sədri iyunun 1-dən 3-dək Serbiya Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək idi.

Konfrans iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirildi. Tədbir “Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusuna həsr olunmuşdu.

Konfransda etdiyim çıxışda mən Azərbaycanda qadınlar barəsində həyata keçirilən dövlət siyasətinə dair tədbir iştirakçılarına geniş məlumat verdim. Həyatın bütün sahələrində qadınların təmsilçiliyinin artırılması istiqamətində görülən işlərdən danışdım.
O cümlədən Milli Məclisdə qadınların təmsil olunması və parlamentin fəaliyyətində qadın deputatların iştirakı ilə bağlı faktları nəzərə çatdırdım.

Qadınların dəstəklənməsi mexanizmlərinin inkişafında və gender bərabərliyi prinsiplərinin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı sərəncamların, milli fəaliyyət planlarının və dövlət proqramlarının rolunu da xüsusi qeyd etdim".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, çıxışında digər məsələlərlə yanaşı, real gender bərabərliyinin əldə olunması təkcə qanunvericiliyin təkmilləşdirilməsindən asılı olmadığını deyib:

"İctimai şüurda dərin və köklü dəyişikliklər baş verməlidir. Hüquq bərabərliyinə nail olmaq yolunda ən böyük problem isə qadınların imkanlarını məhdudlaşdıran gender stereotipləri və neqativ sosial normalardır.

Onu da deyim ki, hörmətli həmkarlar, nümayəndə heyətinin üzvü olan Milli Məclisin deputatları konfrans çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etdilər".

Spiker qeyd edib ki, səfər çərçivəsində Parlamentlərarası İttifaqın və ATƏT-in Parlament Assambleyasının prezidentləri, habelə Parlamentlərarası İttifaqın yeni seçilmiş baş katibi, vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü və Qadın Parlamentarilər Forumu Bürosunun sədri, eləcə də Serbiya və Zimbabve parlamentlərinin sədrləri, Mərakeş və Mavritaniya parlamentlərinin sədr müavinləri ilə görüşləri olub. Ümumən 9 görüş keçirilib:

"Görüşlərdə beynəlxalq parlament təşkilatları çərçivəsində iş birliyi, həmçinin qanunvericilik orqanları arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Səfər zamanı Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini nümayəndə heyət ilə ziyarət etdik və biz Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etdik.

Hesab edirəm ki, Serbiya Respublikasına işgüzar səfər uğurlu oldu və mən nümayəndə heyətinin üzvlərinə öz minnətdarlığımı bildirirəm".

Süleyman
Xəbəri paylaş