Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Humanizm və rəqəmsallığın kəsişməsində: Təhsil idarəçiliyinin yeni paradiqması

Humanizm və rəqəmsallığın kəsişməsində: Təhsil idarəçiliyinin yeni paradiqması


Məlumdur ki, qloballaşan, rəqəmsal və fərqli iki nəslin - “Z” və “Alfa” nəsllərinin yaşadığı müasir mühitdə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də idarəetmə müasirliklə ayaqlaşmalıdır. Yəni təhsil sistemi dövrün tələblərinə cavab verməlidir. Amma bu tələbləri yanlış formada tətbiq etmək heç də uğurlu nəticələr vermir. Müasir təhsil mühitində yanlış idarəetmə və tərbiyə fərdin şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Təhsil bilik ötürməklə yanaşı, həm də şəxsiyyətin formalaşdığı bir proses olduğu üçün yanlış tərbiyə və idarəetmə gələcəkdə böyük fəsadlara səbəb olur.
Təhsil müəssisələrində idarəetmə sisteminin yaratdığı əsas fəsadlar aşağıdakılardır:

• İmtahan və reytinq mərkəzlilik: Əgər təhsil müəssisəsi imtahan nəticələrini və reytinqləri əsas meyar olaraq götürərsə, təhsilalanlarda yalnız yüksək qiymət alacaqları təqdirdə dəyərləndiriləcəkləri düşüncəsi formalaşır. Nəticədə bilik yalnız testə çevrilir, eyni zamanda şagirdlərdə aqressiya, qorxu və depressiya kimi mənfi sindromlar yaranır. Bu isə onlarda dərketmə və yaradıcılıq bacarığını məhv edir.
• Emosional zəkanın (EQ) unudulması: Təhsil müəssisəsi yalnız "intellektual mərkəz" kimi fəaliyyət göstərib emosional zəka tərbiyəsinə önəm vermədikdə, etika və psixoloji rifah tədrisin mərkəzinə qoyulmadıqda yüksək intellektli, lakin sosial cəhətdən inkişaf etməmiş şəxslər formalaşır.
• Tənqidi təfəkkürün boğulması: Müəssisədə tənqidi təfəkkür dəyərləndirilmirsə, fərdin fərqli və əsaslandırılmış düşüncəsinə qiymət verilmirsə, əvəzində mütilik və itaətkarlıq təşviq edilirsə, bu, təhsilin keyfiyyətinin yüksəldilməsinin və sosial tərəqqinin qarşısını alan ən böyük maneədir.
• Etik dəyərlərin aşınması: Müasir texnologiyanın və süni intellektin təhsilə sürətlə inteqrasiya etdiyi dövrdə mənəvi, etik və emosional tərbiyə diqqətdə saxlanmazsa, təhsilalanlarda emosional yadlaşma və tənhalıq hissi yaranacaq. Bu isə etik dəyərlərin məhvinə gətirib çıxaracaq.
• Avtoritar idarəetmə: Avtoritar sistem şəraitində təhsilalanlar müstəqil qərar verə bilmir, problemli situasiyalarda məsuliyyətdən qaçır və problem həll etmək bacarığından məhrum olurlar.

Nəticə olaraq qeyd etmək olar ki, müasir təhsilin diqqət yetirməli olduğu əsas məqam təhsilalanların hər birinin şəxsiyyət olduğunu unutmamasıdır. Bunun üçün təhsildə şagirdyönümlü (tələbəyönümlü) yanaşmaya xüsusi diqqət edilməli, bilik ötürməklə yanaşı, insani dəyərlər, etika və psixoloji rifah tədrisin mərkəzinə qoyulmalıdır. Bu yanaşmaya rəayət edilərsə, təhsilalanlar gələcəkdə yalnız savadlı mütəxəssis deyil, eyni zamanda cəmiyyət üçün faydalı, empatiya qabiliyyəti yüksək olan şəxsiyyətlər olacaqlar: yəni humanizm və rəqəmsal dövrün sintezi bu problemdən çıxış yoludur.

Ruhiyyə Mehdiyeva,

“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədr müavini,
fəlsəfə doktoru
Xəbəri paylaş