
15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan, xalqın taleyində dönüş nöqtəsi kimi yadda qalan əlamətdar günlərdən biridir. Bu tarix milli birliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası və müstəqil dövlət quruculuğu prosesinin uğurla davam etdirilməsi baxımından müstəsna önəm daşıyır.
Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi uzaqgörən siyasət sonrakı illərdə müşahidə edilən misilsiz inkişafın möhkəm təməlini formalaşdırmışdır. 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, elm və təhsilin inkişafına xüsusi diqqət yetirmiş, respublikanın ittifaq miqyasında mövqeyinin güclənməsinə nail olmuşdur. Həmin illərdə yüzlərlə yeni sənaye müəssisəsi yaradılmış, minlərlə gəncin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılmış, milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndərin təşəbbüsü ilə milli-mənəvi dəyərlərin qorunması, ana dilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gələcək müstəqilliyin ideoloji əsaslarının formalaşmasına mühüm töhfə vermişdir. Məhz həmin dövrdə görülən məqsədyönlü işlər sonralar müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı üçün zəruri insan resurslarının, iqtisadi potensialın və milli özünüdərkin formalaşmasında mühüm rol oynamışdır.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən vəziyyət son dərəcə mürəkkəb idi. Dövlət idarəetmə sistemində ciddi problemlər mövcud idi, siyasi böhran gündən-günə dərinləşirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşürdü. İqtisadiyyat demək olar ki, iflic vəziyyətinə düşmüşdü, sənaye müəssisələri fəaliyyətini dayandırır, işsizlik artır, sosial vəziyyət ağırlaşırdı. Qanunsuz silahlı dəstələrin fəaliyyət göstərməsi, müxtəlif bölgələrdə separatçı meyillərin güclənməsi ölkənin gələcəyi üçün ciddi təhlükə yaradırdı. Məhz belə bir şəraitdə xalqımız mövcud böhrandan çıxış yolunu yalnız güclü siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Ümummilli Lider iyunun 9-da Bakıya gəldikdən sonra ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atmağa başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Məhz bu tarix sonradan ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçildi. Bununla da ölkədə siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və genişmiqyaslı islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaradıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində siyasi sabitlik təmin olundu, ölkəmizin inkişafı üçün etibarlı zəmin yarandı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana xarici investisiyaların cəlb edilməsinə, enerji sektorunun inkişafına və iqtisadi fəallığın artmasına şərait yaratdı. Eyni zamanda, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiya demokratik idarəetmə prinsiplərinin və insan hüquqlarının təminatı üçün möhkəm hüquqi baza formalaşdırdı. Milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Bununla yanaşı, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar müdafiə potensialının yüksəldilməsinə, peşəkar Silahlı Qüvvələrin formalaşdırılmasına və təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə xidmət etdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində sosial-iqtisadi tərəqqi yeni mərhələyə yüksəlmiş, həyata keçirilən ardıcıl islahatlar dövlətimizin qüdrətinin daha da artmasına və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə vermişdir. Eyni zamanda, beynəlxalq nüfuzun möhkəmlənməsi, milli maraqlara əsaslanan xarici siyasətin uğurla həyata keçirilməsi və dövlətçilik ənənələrinin daha da gücləndirilməsi ölkəmizin dayanıqlı inkişafını təmin edən əsas amillərdən olmuşdur. Ordunun ən müasir silah və hərbi texnika ilə təchiz olunması, peşəkar hərbi kadr hazırlığının gücləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir. Bu uzaqgörən siyasətin nəticəsi olaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılmış, torpaqlarımızın işğaldan azad edilməsi təmin olunmuş, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyət əldə edilmişdir. Bu möhtəşəm Qələbə milli birliyin, güclü dövlətçilik ənənələrinin və illər boyu həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasətinin parlaq təntənəsi kimi tarixə yazılmışdır. Postmüharibə dövründə dövlətimizin suverenliyinin tam bərpası istiqamətində qətiyyətli addımlar atıldı. 2023-cü ilin sentyabr 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatizmə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi.
Bu gün işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri dövlətimizin iqtisadi qüdrətini, siyasi iradəsini və milli inkişaf potensialını bütün dünyaya nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzur bölgələri hazırda nəhəng tikinti və yenidənqurma meydanına çevrilib. Uzun illər ərzində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məntəqələri salınır, ən yüksək standartlara cavab verən infrastruktur layihələri həyata keçirilir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, avtomobil və dəmir yollarının çəkilməsi, tunellərin, körpülərin inşası regionun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Böyük Qayıdış Proqramının uğurla icrası nəticəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir yaşayış məkanları yaradılır, yeni məktəblər, xəstəxanalar, mədəniyyət və sosial xidmət obyektləri tikilir. Eyni zamanda, yaşıl enerji zonalarının formalaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir, günəş, külək və su enerji potensialından səmərəli istifadə olunur. Bütün bunlar həmin ərazilərin dayanıqlı inkişafına və iqtisadi fəallığın artmasına xidmət edir.
Milli Qurtuluş Günü xalqın öz liderinə olan sonsuz etimadının, milli birliyin, həmrəyliyin və sarsılmaz dövlətçilik iradəsinin parlaq təntənəsidir. Tarixi zəfərlərin əldə olunması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlətimizin qüdrətini və həyata keçirilən siyasətin uğurlarını nümayiş etdirir. Milli Qurtuluş Günü xalqımızın yaddaşında daim yaşayacaq, dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi gələcək nəsillərə ötürüləcəkdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı











































