
"Toyun özü problem deyil. Problem odur ki, bəzən toy ailənin başlanğıcı olmaq əvəzinə, sosial yarışa çevrilir. Bir tərəfdən insanlar deyirlər. Həyat bahadır, ev almaq çətindir, maaşlar azdır. Digər tərəfdən, 300–500 nəfərlik toylar, kreditlə alınmış qızıllar, bahalı dekorasiyalar, bir gecəlik nümayiş üçün aylarla, bəzən illərlə ödənilən borclar".
Newscenter.az xəbər verir ki, bunları Kəmalə Bayramova deyib. O bildirib ki, hər kəs öz seçiminə görə məsuliyyət daşıyır:
"İmkanı olan insanın böyük toy etməsi onun haqqıdır. Amma imkanından artıq xərcləyib, sonra həmin yükün altında əzilmək artıq seçim yox, cəmiyyətin görünməz təzyiqinin nəticəsi olur.

Mənə elə gəlir ki, biz uşaqlara kiçik yaşlardan bunları öyrətməliyik. Maliyyə savadlılığını, emosional yetkinliyi, düzgün tərəfdaş seçməyi, "yox" deməyi, başqalarının fikri ilə deyil, öz dəyərləri ilə yaşamağı. Çünki ailəni xoşbəxt edən gəlinliyin qiyməti, tortun neçə mərtəbəli olması, restoranda neçə növ yemək olması deyil.
Ailəni xoşbəxt edən hörmət, məsuliyyət, anlayış, ortaq məqsədlər, çətin günlərdə bir-birinə dayaq olmaqdır".
Kəmalə Bayramova qeyd edib ki, bəzən biz evliliyə toy qədər hazırlaşmırıq:
"Toy üçün aylarla plan qururuq, amma birlikdə yaşamağı, problemləri həll etməyi, büdcəni idarə etməyi öyrənmirik.
Bəlkə də özümüzə bu sualı verməliyik:
Biz toy hazırlayırıq, yoxsa ailə?
Çünki toy bir gün çəkir. Ailə isə ömür boyu davam edə bilər. İnsanın həqiqi xoşbəxtliyi, çox vaxt, insanların alqışladığı o bir neçə saatda deyil, evə qayıtdıqdan sonra yaşadığı sakitlikdə və güvəndə gizlənir. "İnsanlar xoşbəxt yaşamaq üçün çalışmalıdır, başqalarına xoşbəxt görünmək üçün yox"
Süleyman











































