
"Şimali Kipr Türk Respublikasına (ŞKTR) uçuşlar zamanı bəzi aviaşirkətlərin sərnişinlərdən geri dönüş bileti və ya qalacaqları ünvan barədə məlumat tələb etməsi rəsmi qaydalara əsaslanır. Bu, yeni tətbiq olunan bir tələb deyil.
Bəzi hallarda Türk Hava Yolları bu proseduru daha çevik şəkildə tətbiq etsə də, Ajet ve Pegasus tərəfindən bu qaydalara daha ciddi riayət olunduğu müşahidə edilir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan–Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orhan Hasanoğlu bəzi sosial media platformalarında Şimali Kipr Türk Respublikasına girişdə dəyişikliklər edilməsi ilə bağlı səslənın fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, ŞKTR rəsmi olaraq bir sıra ölkələrdən gələn sərnişinlər üçün bu cür yoxlama prosedurlarının həyata keçirilməsini tələb edir:
"Məqsəd qeyri-qanuni miqrasiya axınının qarşısını almaq və sərhəd nəzarətini gücləndirməkdir. Dünyanın bütün ölkələrində olduğu kimi, ŞKTR-nın da özünəməxsus giriş qaydaları mövcuddur.
Qeyd etmək lazımdır ki, bu tələblər yalnız Azərbaycan vətəndaşlarına aid deyil. Türkiyənin bir çox hava limanlarında da ŞKTR-yə səfər edən sərnişinlərdən eyni məlumatlar tələb oluna bilər. Bu, aviaşirkətlərin təşəbbüsü deyil, ŞKTR-nın tətbiq etdiyi qaydaların icrasıdır".
Orxan Həsənoğlu xatırladıb ki, Azərbaycan vətəndaşları riskli ölkələr kateqoriyasına daxil olmadıqları üçün, aviaşirkətlər əksər hallarda bu məsələ ilə bağlı əlavə suallar ünvanlamırlar:
"Bununla belə, ŞKTR-yə səfər edən bütün vətəndaşlarımıza tövsiyə edirik ki, mümkün anlaşılmazlıqların qarşısını almaq üçün geri dönüş biletini əvvəlcədən əldə etsinlər və qalacaqları ünvan barədə məlumatı özlərində saxlasınlar".
Süleyman












































