
Azərbaycan tarixində elə günlər var ki, təkcə bir tarixi hadisəni deyil, bütöv bir mərhələnin başlanğıcını ifadə edir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar günlərdəndir. Bu tarix xalqın taleyində dönüş nöqtəsi kimi yadda qalmış, dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələnin əsasını qoymuşdur.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ağır sınaqlarla üz-üzə qaldı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı, iqtisadi böhran, idarəetmədə təcrübəsizlik və daxili siyasi çəkişmələr ölkəni ciddi böhrana sürükləmişdi.
1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü dövlət idarəçiliyində zəiflik göstərir, ölkədə sabitliyi təmin edə bilmirdi. Silahlı dəstələrin nəzarətsiz fəaliyyəti, mərkəzi hakimiyyətə tabe olmayan qüvvələrin güclənməsi və regionlarda separat meyillərin artması Azərbaycanı vətəndaş qarşıdurması həddinə gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Bu fikir 1992–1993-cü illərdə ölkədə mövcud olan mürəkkəb siyasi vəziyyəti, həm daxili, həm də xarici təzyiqlərin yaratdığı təhlükəni aydın şəkildə əks etdirir.
1993-cü ilin iyun hadisələri – Gəncə qiyamı – ölkədə vəziyyəti daha da gərginləşdirdi. Dövlət çevrilişi təhlükəsi real xarakter almış, hakimiyyət isə bu proseslərin qarşısını almaqda aciz qalmışdı. Dövlətçilik anlayışından uzaq, şəxsi maraqları üstün tutan bəzi qüvvələr silahlı birləşmələrdən öz məqsədləri üçün istifadə edir, ölkəni uçuruma aparırdılar. Belə bir məqamda xalq çıxış yolunu güclü siyasi iradəyə, təcrübəyə və dövlətçilik məktəbinə malik liderin hakimiyyətə qayıdışında görürdü. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev artıq siyasi təcrübəsi, qətiyyəti və idarəçilik bacarığı ilə tanınırdı. O, sovet dönəmində Azərbaycan SSR-ə rəhbərlik etmiş, daha sonra SSRİ rəhbərliyində yüksək vəzifə tutmuş, müstəqillik illərində isə Naxçıvanda sabitliyin qorunmasına nail olmuşdu.
1993-cü ilin iyununda ölkədə yaranmış kritik vəziyyət AXC-Müsavat hakimiyyətini çıxılmaz duruma saldı. Dövlətin süqutu təhlükəsi qarşısında qalan siyasi rəhbərlik sonda Heydər Əliyevdən kömək istədi. Xalqın təkidli tələbi və çağırışı ilə Heydər Əliyev Bakıya dəvət olundu.
1993-cü il 15 iyunda Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu hadisə faktiki olaraq ölkədə siyasi sabitliyə aparan yolun başlanğıcı oldu. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi qeyd edilməyə başlandı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş qarşıdurmasının qarşısı alındı. Dövlət idarəçiliyində nizam-intizam bərpa edildi. Silahlı dəstələr tərksilah olunmağa başlandı. Separatçılıq meyillərinin qarşısı qətiyyətlə alındı. Ordu quruculuğuna sistemli şəkildə start verildi. 1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkədə uzunmüddətli sabitliyin və inkişaf strategiyasının əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkənin enerji strategiyasını müəyyənləşdirdi və Azərbaycanı beynəlxalq enerji xəritəsində mühüm aktora çevirdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbul olunması hüquqi dövlət quruculuğu istiqamətində mühüm addım oldu. Qanunvericilik bazası formalaşdırıldı, dövlət institutları gücləndirildi və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirildi.
Milli Qurtuluş Günü təkcə hakimiyyət dəyişikliyi deyil, eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması və gələcək inkişafının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
15 İyun Azərbaycan tarixində xalqın öz liderinə inamının və dövlətçilik instinktinin təcəssümü kimi qiymətləndirilir. Bu gün müstəqil Azərbaycanın möhkəm təməli kimi dəyərləndirilir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs sonrakı illərdə də davam etdirilmiş, ölkənin iqtisadi gücü artmış, beynəlxalq nüfuzu möhkəmlənmişdir. Dövlət müstəqilliyinin qorunması, sabitlik və inkişaf ideyası Milli Qurtuluş Gününün əsas fəlsəfəsini təşkil edir.
Ulu Öndər Heydər Əliyev hər zaman Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayır, torpaqların işğal faktı ilə heç vaxt barışmayacağını bildirirdi. Onun ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ulu Öndərin siyasi kursu Azərbaycanın gələcək qələbəsinin ideoloji və strateji əsasını təşkil etdi.Tarixi Qələbəyə aparan yol illərlə davam edən məqsədyönlü siyasətin, səbrin və milli həmrəyliyin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı Zəfərə çatdırdı. Bu gün azad Qarabağ və Şuşa Azərbaycanın gücünün, iradəsinin və milli qürurunun rəmzidir. Qazanılan möhtəşəm Qələbə xalqımızın tarixində əbədi qalacaq və gələcək nəsillərə müstəqilliyin, birliyin və qətiyyətin ən parlaq nümunəsi kimi ötürüləcəkdir.
Şuşanın azad olunması xəbərini xalqa çatdıran Prezident İlham Əliyevin sözləri hər bir azərbaycanlının qəlbində xüsusi yer tutdu: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” Bu fikirlər yalnız bir qələbə xəbərdarlığı deyil, həm də tarixi ədalətin bərpasının, ata vəsiyyətinə sədaqətin və xalq qarşısında verilmiş sözün yerinə yetirilməsinin ifadəsi idi. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan bu Qələbəni döyüş meydanında qazandı və heç bir güc Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Onun sözləri ilə desək, “Dəmir yumruq” milli birliyin və qətiyyətin rəmzinə çevrildi.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilasa aparan yolun başlanğıcıdır. 1993-cü ildə yaranmış ağır və mürəkkəb şəraitdə xalq öz gələcəyini təcrübəli və qətiyyətli lider – Heydər Əliyevin simasında gördü. Onun hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, sabitlik və inkişafın əsasını qoydu. Bu gün 15 İyun həm tarixi dərs, həm də dövlətçilik iradəsinin təntənəsi kimi qeyd olunur. Azərbaycanın müstəqil və güclü dövlət kimi mövcudluğu həmin taleyüklü qərarın və xalqın düzgün seçim etməsinin nəticəsi kimi dəyərləndirilir.
Nəbi Ağayev,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri











































