
Azərbaycanın aparıcı şirkətlərindən biri olan Azturk Holdingin nümayəndə heyəti 13 iyun 2026-cı il tarixində Füzuli rayonuna işgüzar səfər həyata keçirib.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti rayon rəhbərliyi ilə görüş keçirərək Füzulinin sosial-iqtisadi inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparıb.
Görüş zamanı Füzuli rayonunda həyata keçirilən bərpa və quruculuq işləri, investisiya imkanları, yeni iş yerlərinin yaradılması, logistika, kənd təsərrüfatı, turizm, sənaye və digər istiqamətlər üzrə potensial layihələr müzakirə olunub. Tərəflər regionun iqtisadi inkişafına töhfə verə biləcək təşəbbüslərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə ediblər.
Azturk Holding nümayəndələri bildiriblər ki, Qarabağ bölgəsinin, xüsusilə də Füzuli rayonunun inkişafı ölkənin strateji prioritetlərindən biridir və özəl sektorun bu prosesdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Bu baxımdan şirkət gələcəkdə müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını qiymətləndirməyə hazırdır.
Görüş səmimi və konstruktiv atmosferdə keçib. Tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, perspektiv layihələrin hazırlanması və investisiya imkanlarının araşdırılması istiqamətində əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Azturk Holding rəhbərliyi qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və inkişaf proqramları ölkənin gələcək iqtisadi gücünün formalaşmasında mühüm rol oynayacaq və şirkət bu proseslərə öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.
Süleyman












































