
Mingəçevir şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan yüzlərlə işçi narahatlıq içindədir. Müəllimlər, tərbiyəçilər və digər əməkdaşlar ixtisar təhlükəsi ilə üz-üzə qalıblar. Valideynlər isə övladlarının məktəbəhazırlıq təhsilindən məhrum olacağından narahatdırlar.
Newscenter.az xəbər verir ki, bu barədə Mingəçevirin təhsil ictimaiyyətinin nümayəndəsi Sevinc Məmmədova deyib. O təəssüf hissi ilə bildirib ki, həmin müəssisələrdə çalışan işçilərin müraciətinə, şikayətinə və ictimai çağırışlara baxmayaraq nə Elm və Təhsil Nazirliyindən, nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən, nə də Mərkəzi-Aran Regional Təhsil İdarəsindən məktəbəhazırlıq qruplarının bağlanması ilə bağlı hüquqi əsas təqdim olunub.
"Mən sadəcə bir sual verirəm. Əgər məktəbəhazırlıq qrupları bağlanırsa, bunun hüquqi əsası hansı qərar, əmr və ya normativ sənəddir? Əgər belə bir sənəd varsa, niyə ictimaiyyətə açıqlanmır? Niyə müəllimlərə və valideynlərə təqdim edilmir? Ən düşündürücü məqam isə odur ki, vətəndaşın sualına cavab vermək əvəzinə, sual verənlərə təzyiq göstərilir, şikayət edənlər isə müxtəlif yoxlamalarla üzləşirlər.
Mən öz adımdan danışarkən heç bir vəzifə və ya şəxsdən xüsusi münasibət istəmirəm. Sadəcə qanunun tələb etdiyi şəffaflığı tələb edirəm. Əgər məktəbəhazırlıq qruplarının bağlanması qanunidirsə, hüquqi əsas göstərilsin. Əgər bağçalarda problemlər varsa, onlar obyektiv araşdırılsın. Əgər vətəndaş müraciət edirsə, ona cavab verilsin. Çünki dövlət qurumlarının vəzifəsi sual verən vətəndaşı susdurmaq deyil, onun suallarına qanun çərçivəsində cavab verməkdir".
Sevinc Məmmədova qeyd edib ki, Mərkəzi-Aran Regional Təhsil İdarəsindən rəsmi və əsaslandırılmış açıqlama gözləyir:
"Əks halda, qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək aidiyyəti dövlət orqanlarına və hüquq-mühafizə qurumlarına müraciətlərimi davam etdirəcəyəm. Haqq tələb etmək nə cinayətdir, nə də intizamsızlıq. Haqq tələb etmək hər bir vətəndaşın qanuni hüququdur".
Süleyman











































