Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tanrının lütfü- İstisu

Tanrının lütfü- İstisu


Sosial mediada və mətbuatda dərc edilən yazılarda qeyd edilir ki, İstisuyun Çexiyadakı məşhur Karlovı Varı suları ilə bir tutulur. Lakin bu yanlış fikirdir. Burada tədqiqat aparan kimyaçı alim E.E. Karstinski hesabatında bunu təkzib edir və yazır:

"Kəlbəcər İstisuyu müalicəvi dinamikasına və radioaktiv elementlərin zənginliyinə görə Karlovı Varı sularından qat-qat üstündür".

1138-ci il sentyabrın 30-da baş verən, tarixin ən kədərli günlərindən biri olan zəlzələ gözəl Gəncə şəhərini dağıtmaqla yanaşı regionda ciddi coğrafi dəyişiklik yaratmışdır və nəticədə isə Göygöl və Maralgöl yaranmış və eyni zamanda Kəlbəcər ərazisində də yer qabığının dərin çatlarına yol açmış və İstisu bulaqlarının yer üzünə çıxarıb. Lakin bu İstisunun rəsmi tarixi deyil.1138-ci ildə İstisu yaranmayıb, sadəcə yerin altından püskürüb üzə çıxıb.

Geoloqların araşdırmalarına görə, İstisu əslində yerin altında milyonlarla il əvvəl formalaşmışdı. Tarixin bütün dövrlərində geoloji dəyişiklik zamanı üzə çıxıb, sonra isə yerin altında qalıb.

Qədim insanlar, səyyahlar, burda yaşayan xalqlar İstisudan qismən yararlanırlar. Lakin 1138-ci ildə bu artıq elə bir formaya düşüb ki, insanlar ətrafında məskən salmağa başlayıblar. Ona görə də İstisu bir bulaq olaraq məhz o tarixdən məskunlaşmaya səbəb olub.

Burada yaşayan insanlar İstisuya "Tanrının lütfü" kimi baxıblar.

İstisu rəsmi olaraq ilk dəfə Səfəvi hökmdarı I Şah Abbasın dövründə dövlətin diqqət mərkəzində olub. Məhz buna görə də xalq arasında bura həm də "Şah Abbasın Daş Vannası" deyilir.

Çar Rusiyası dövründə burda araşdırma edən alimlərin hesabatında bu suyun tərkibindəki litium və digər nadir elementlərin bütün dəri xəstəliklərinin dərmanı olması xüsusi qeyd edilib.

1900-cü ildə fransız geoloqları da bura diqqət veriblət, onlar İstisudan nümunələr götürərək Fransaya aparırlar. Laborator analizlərin nəticəsinə elə olur ki, İstisu hüceyrələrin qocalmasını ləngidən və maddələr mübadiləsini tamamilə yeniləmək gücünə malik elementlər ilə zəngindir.

Sovetlər Azərbaycanı işğal edəndən sonra buranın həm turizm, həm də ticarət üçün önəmli bir yer olmasını bilib, burada sanatoriya kompleksinin tikintisi barədə plan hazırlayıblar. Məhz 1925-ci ildən sonra Sovet Azərbaycanı hökumətinə tapşırıq veriblər ki, buranı ümumxalq turizm mərkəzinə çevirsinlər.

Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdi. Lakin gürcü- ermənilər buranı yox öz ərazilərində olan bulaqları önə çəkərək bir müddət İstisu sanatoriyasının yaradılmasını əngəlləyiblər.

M.C. Bağırovun da xüsusi təzyiqləri ilə burada sanatoriya açılması mümkün olub..
1941-1945-ci illər müharibəsi dövründə Kəlbəcər İstisuyu təkcə istirahət mərkəzi deyil, yaralı əsgərlərin reabilitasiya hospitalı kimi fəaliyyət göstərib.

İlk illər sudoldurma zavodunda mineral suya vurulan karbon qazı Gürcüstanın Rustavi şəhərindən gətirilirdi. 1982-ci ildə azərbaycanlı mühəndislər Salman Babayev və Məmməd Hacıyevin kəşfi Sovet tarixində bir ilkə imza atır Suyun tərkibindəki təbii karbon qazını elə quyunun başındaca süddən ayırıb, qablaşdırma zamanı yenidən suyun özünə vurdular.

Uzun illər işğal altında olan bu şəfa suyunu ermənilər istismar ediblər və dünyaya sataraq milyonlarla pul əldə ediblər. Lakin 44 günlük müharibə və qazanılan qələbə İstisunu azad edərək öz sahiblərinə geri qaytarıb.

Allah şəhidlərə rəhmət, qazi və veteranlara can sağlığı və Ordumuza güc qüvvət versin.

Zaur Aliyev, prof.dr
Xəbəri paylaş