
Azərbaycan və Türkiyə münasibətlərinin tarixində mühüm məqamlardan biri qədim və mədəniyyət beşiyi Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsidir. Bu sənəd iki dövlət arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bu sənəd təkcə diplomatik bir razılaşma deyildi. O, Azərbaycan və Türkiyənin ortaq tarixi köklərini, mədəni birliyini və siyasi iradə birliyini hüquqi müstəvidə təsdiqləyən mühüm bir siyasi akt kimi çıxış etdi. Şuşada imzalanması isə rəmzi məna daşıyırdı: azad edilmiş şəhər həm qələbənin, həm də milli iradənin təcəssümü kimi beynəlxalq siyasi səhnəyə çevrildi.
Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən çıxararaq müttəfiqlik mərhələsinə yüksəltdi. Sənəddə öz əksini tapan əsas müddəalar, xüsusilə təhlükəsizlik və qarşılıqlı dəstək prinsipləri, tərəflərdən birinə qarşı hər hansı təhdid yarandığı halda digər dövlətin birgə fəaliyyət göstərməsini nəzərdə tutur. Bu isə münasibətlərin artıq yalnız siyasi əməkdaşlıq deyil, həm də təhlükəsizlik baxımından vahid mövqe olduğunu göstərir. Tarixi baxımdan bu bəyannamənin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. Belə ki, 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri Türkiyə ilə Cənubi Qafqaz arasında münasibətlərin hüquqi əsaslarını formalaşdırmış, Azərbaycanın ərazi bütövlüyü məsələsində mühüm zəmanətlər yaratmışdı. Təxminən yüz il sonra Şuşa Bəyannaməsi həmin tarixi xəttin müasir dövrdə davamı kimi çıxış edərək yeni geosiyasi reallıqlara uyğun şəkildə müttəfiqliyi yenidən təsdiqlədi. Bu sənəd həm də siyasi iradənin nəticəsi kimi qiymətləndirilir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda regionda yeni güc mərkəzi kimi mövqeyini möhkəmləndirdi. Şuşada imzalanan bu bəyannamə həmin siyasi xəttin məntiqi davamı kimi çıxış edir. Eyni zamanda sənəd yalnız hərbi-siyasi əməkdaşlıqla məhdudlaşmır. O, mədəni, tarixi və ideoloji baxımdan da ortaq türk kimliyinin daha da güclənməsinə xidmət edir.
Azərbaycan və Türkiyə xalqları bu sənədin ruhundan irəli gələrək ortaq keçmişi daha dərindən dərk edir, gələcəyə isə daha möhkəm siyasi və mənəvi bağlarla addımlayır. Şuşa şəhərində imzalanan Bəyannamə təkcə diplomatik sənəd deyil, həm də tarixə həkk olunmuş siyasi iradənin simvoludur. O, həm regional sabitliyin, həm də uzunmüddətli strateji əməkdaşlığın əsas dayaqlarından biri kimi qiymətləndirilir.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini yeni mərhələyə daşıyan, tarixi kökləri müasir geosiyasi reallıqlarla birləşdirən və gələcəyə yön verən fundamental sənəd kimi çıxış edir.
Azər Allahverənov.
Milli Məclisin deputatı











































