
1993-cü il 15 İyun ölkəmiz üçün mühüm tarixi əhəmiyyətə malik bir gündür. Azərbaycan dövlətçiliyinin təhlükə altında olduğu bir zamanda xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi böhran və xaosdan qurtarmışdır.
Xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi bərpa edərək müstəqil Azərbaycanın inkişafının və hüquqi dövlət quruculuğunun təməlini qoymuşdur. Ulu Öndərin hakimiyyətə qayıdışı sadəcə siyasi rəhbərliyin dəyişməsi deyil, həm də dövlətin böhrandan xilas olması prosesinin başlanğıcı idi. O dövrdə daxili çəkişmələr, separatizm meyilləri və iqtisadi tənəzzül ölkəni parçalanma həddinə gətirmişdi. Heydər Əliyev ilk növbədə ölkədə kriminogen durumu nəzarətə götürdü, qanunsuz silahlı dəstələri zərərsizləşdirdi və cəmiyyətdə sabaha olan inamı bərpa etdi.
Atəşkəsin əldə olunması isə daxili islahatlara başlamaq üçün zəruri zaman qazandırdı.
Eyni zamanda, Heydər Əliyev siyasi sabitliyi təmin edərək Azərbaycanın qapılarını xarici investorların üzünə açdı. 1994-cü il sentyabrın 20-də imzalanan və tarixə 'Əsrin müqaviləsi' kimi düşən neft sazişi ölkənin iqtisadi müstəqilliyinin bünövrəsini qoydu. Bu uğurlu neft strategiyası sonradan qeyri-neft sektorunun inkişafına, infrastrukturun yenidən qurulmasına və güclü ordu yaradılmasına xidmət edən böyük maliyyə axınını təmin etdi. 1997-ci ildə isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 İyun rəsmi olaraq Milli Qurtuluş Günü kimi təsis edilmiş və qeyri-iş günü elan olunmuşdur. Bu tarixi gün xalqımızın bütövlük, dövlətçilik və milli həmrəylik ideyaları ətrafında birləşdiyi, gələcək böyük Zəfərlərin yol xəritəsinin cızıldığı tarixi dönüş nöqtəsi idi.
Bu gün tam əminliklə demək olar ki, 15 İyunda əsası qoyulan müstəqillik və inkişaf strategiyası Azərbaycanın ən şanlı tarixi nailiyyətinə zəmin yaratdı. Danılmaz bir faktdır ki, Ümummilli Lider ömrünün sonuna qədər Azərbaycana və Azərbaycan xalqının mənafeyinə xidmət etmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən regionun lider dövlətinə çevrildi. Bu güclü təməlin məntiqi nəticəsi olaraq rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və ondan sonrakı antiterror tədbirlərində torpaqlarımızı işğaldan tam azad etdi, suverenliyimizi bərpa etdi.
Ruhiyyə Mehdiyeva,
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru











































