
"Bu gün mövcud olan problemlərdən biri də yerli istehsalçıların iri satış şəbəkələrinə çıxa bilməməsidir. Müntəzəm olaraq deputat seçildiyim rayonda istehsalçılarla keçirdiyim görüşlərdə bu məsələ qaldırılır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Razı Nurullayev deyib. Millət vəkili deyib ki, yerli istehsalçıdan iri ticarət şəbəkələrində məhsulunu satışa çıxarmaq üçün müəyyən vəsait tələb olunur:
"Son dövrlərdə yerli sahibkarlar tərəfindən səsləndirilən narahatlıqlar göstərir ki, məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur. Məlumatlara görə, bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır.
Problem təkcə ödənişin mövcudluğu deyil. Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır. Nəticədə kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır. Məhdud dövriyyə vəsaiti ilə fəaliyyət göstərən yerli istehsalçı üçün bu, bazara çıxışın faktiki olaraq məhdudlaşdırılması deməkdir"
Deputat təklif edib ki, yerli istehsalçıların istehsal etdiyi məhsulların iri ticarət mərkəzlərinə çıxarılması istiqamətində mövcud olan süni əngəllər aradan qaldırılmalıdır:
"Çünki bu sağlam rəqabətə də mane olur".
Süleyman












































