
"ABŞ–İran münasibətlərində gərginliyin yenidən artması genişmiqyaslı hərbi toqquşma riskini yüksəldir. Amma bunun əvvəlki kimi uzunmüddətli və hərtərəfli hücum kampaniyasına çevriləcəyi o qədər də inandırıcı deyil".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, son günlər Vaşinqtondan verilən sərt bəyanatlar, yeni zərbələrin istisna edilməməsi və bölgədə hərbi hazırlığın artırılması göstərir ki, hər iki tərəf hərbi variantı gündəmdə saxlayır:
"Bununla yanaşı, diplomatik kanalların tam bağlanmaması və qarşılıqlı çəkindirmə mexanizmlərinin işləməsi genişmiqyaslı müharibə ehtimalını müəyyən qədər məhdudlaşdırır.
ABŞ-ın əsas məqsədi İranın nüvə proqramı, Hörmüzün açıq qalması və regiondakı proksi qüvvələrinin fəaliyyətini nəzarətdə saxlamaqdır. Bunun üçün də Vaşinqton hərbi zərbələri daha çox strateji təzyiq vasitəsi olaraq görür. İran isə öz növbəsində birbaşa müharibədən yayınmağa çalışsa da, cavab imkanlarını qoruduğunu nümayiş etdirmək istəyir. Bu səbəbdən tərəflər arasında qarşıdurma faktiki olaraq idarə olunan eskalasiya səviyyəsində davam edir. Yəni müəyyən obyektlərə məhdud hava zərbələri, kəşfiyyat əməliyyatları, kibermübarizə və proksi qüvvələr vasitəsilə təzyiqin artırılması ehtimalı tammiqyaslı müharibədən daha yüksəkdir".
Politoloq qeyd edib ki, digər mühüm amil regional balansdır:
"Hörmüz boğazında təhlükəsizlik, enerji bazarlarının sabitliyi, İsrailin təhlükəsizlik maraqları və Körfəz ölkələrinin mövqeyi ABŞ administrasiyasının qərarlarına bu və ya digər şəkildə təsir göstərir. Vaşinqton yaxşı anlayır ki, İranla genişmiqyaslı müharibə bütün Yaxın Şərqi əhatə edən zəncirvari proseslərə səbəb ola bilər. Belə ssenari neft qiymətlərində ciddi artım, beynəlxalq ticarət marşrutlarında problemlər və qlobal iqtisadiyyatda yeni risklər yarada bilər.
İran üçün də vəziyyət mürəkkəbdir. Bir tərəfdən ölkə hərbi və siyasi nüfuzunu qorumağa çalışır, digər tərəfdən isə uzunmüddətli müharibənin iqtisadi və sosial nəticələrinin ağır olacağını kifayət qədər yaxşı anlayır və bunu nəzərə alır. Buna görə Tehran cavab addımlarını adətən ölçülü şəkildə planlaşdırmağa üstünlük verir və birbaşa genişmiqyaslı qarşıdurmadan daha çox çəkindirmə strategiyasına söykənir".
Yusif Bağırzadə, "Əgər ümümi olaraq dəyərləndirsək, ABŞ–İran münasibətlərində gərginliyin yenidən yüksəlməsi lokal hava zərbələri, qarşılıqlı təhdidlər və məhdud hərbi əməliyyatların davam etməsi ehtimalını artırır. Lakin mövcud geosiyasi reallıq göstərir ki, hər iki tərəf genişmiqyaslı müharibənin hansı nəticələr doğuracağının fərqindədir. Buna görə də yaxın perspektivdə tammiqyaslı savaş ehtimalı aşağı görünür. Fasilələrlə kəskinləşən, lakin müəyyən çərçivədə saxlanılan hərbi-siyasi qarşıdurmanın davam etməsi ehtimalı isə kifayət qədər yüksəkdir. Bununla belə, yanlış hesablanmış hər hansı hərbi insident və ya gözlənilməz hadisə bu tarazlığı poza və eskalasiyanı daha təhlükəli mərhələyə də keçirə bilər",-deyə vurğulayıb.
Süleyman












































