Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Ermənistandakı səfirinin təxribatçı açıqlamaları nəyin göstəricisidir?

İranın Ermənistandakı səfirinin təxribatçı açıqlamaları nəyin göstəricisidir?


İranın Ermənistana göndərdiyi səfirlər özlərini prezidentin və XİN-in təyin etdiyi normal diplomat kimi yox, SEPAH-ın davakar nümayəndəsi kimi aparır və daim regionda gərginliyə səbəb olan açıqlamalar verir, İrəvanda oturub bütün regionu təhdid edir və Ermənistan hökumətinə necə davranmalı olduğunu diktə edirlər. Bu ölkənin İrəvandakı keçmiş səfirləri Abbas Bədəxşan Zohuri və Mehdi Sübhani kimi, hazırkı səfir Xəlil Şirqulami də tez-tez səlahiyyətlərini aşaraq, ona aidiyyatı olmayan məsələlərə burnunu soxur, başından böyük danışır. Onun çərşənbə günü keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar da bu səfirin özünü diplomat kimi apara bilməməsinin göstəricisidir.

Səfir Xəlil Şirqulami sözügedən brifinqdə bugünlərdə Tehranda keçirilən Əli Xameneinin dəfn mərasimində Azərbaycan və Türkiyənin dövlət başçıları səviyyəsində yox, nümayəndə heyətləri ilə təmsil olunmalarına narazı tonda münasibət bildirməkdən tutmuş, ABŞ-ın dəstəklədiyi "Tramp marşrutu" (Zəngəzur dəhlizi) layihəsinə qədər bir çox məsələləri şərh edib. İranlı səfirin sözlərinə görə, rəsmi Tehran bildirib ki, TRIPP layihəsinin ABŞ-ın mümkün iştirakı ilə həyata keçirilməsi İran üçün heç bir çağırış və ya təhlükə yaratmamalıdır və ABŞ-ın iştirakı ilə bağlı İran üçün yarana biləcək risklər və təhdidlər mütləq nəzərə alınmalıdır. Diplomat qeyd edib ki, "İranın öz sərhədləri yaxınlığında amerikalıların mövcudluğu ilə bağlı narahatlığı tamamilə məntiqlidir. Bu narahatlıqlara aydın cavab verilməlidir".

Maraqlıdır, iranlı səfir nədən bu qədər ötkəm danışır, nə üçün Ermənistan hökumətinə yol göstərir? Azərbaycan və Türkiyənin Xameneinin dəfn mərasimlərində nümayəndə heyətləri səviyyəsində təmsil olunmalarının İranın Ermənistandakı səfirinə nə dəxli var? Molla rejimi TRIPP layihəsindən nəyə görə bu qədər xoflanır? İranın İrəvandakı səfirinin bu cür ritorikası, əslində, Tehranın regional siyasətinin və özünü "regionun ağası" kimi görmə cəhdinin birbaşa təzahürüdür. Bu, klassik diplomatik davranışdan kənar, daha çox "nəzarətçi" və ya "hərbi-siyasi komissar" yanaşmasıdır. Səfirin səlahiyyətlərini aşması ilk növbədə SEPAH faktoru ilə əlaqəlidir. Çünki İranda xarici siyasət iki başlıdır: biri Xarici İşlər Nazirliyinin, digəri isə SEPAH-ın xəttidir. Ona görə də Ermənistan kimi həssas regionlarda Tehran diplomatik korpusdan daha çox ideoloji və hərbi-təhlükəsizlik aləti kimi istifadə edir.

Səfirin Ermənistan hökumətinə "yol göstərməsi" diplomatik protokolun pozulması olsa da, Tehran üçün bu, İranın təsir dairəsinin qorunması deməkdir. Mollalar Ermənistanı hələ də suveren bir dövlət kimi deyil, öz cənub sərhədlərini qorumaq üçün bufer zona kimi görürlər. İranın İrəvana bu qədər təzyiq etməsinin digər səbəbi isə Paşinyan hökumətinin hələ də tam müstəqil xarici siyasət qura bilməməsi və regionda arxalana biləcəyi güclü müttəfiq axtarışında olmasıdır. Ona görə də İran hakimiyyəti yaranmış bu boşluqdan istifadə edərək, Ermənistanı öz orbitində saxlamaq üçün eyni vaxtda həm şantaj edir, həm də "təhlükəsizlik" zəmanəti vədini verir.

Mollaların TRIPP layihəsindən (Zəngəzur dəhlizi) bu qədər xoflanması da tamamilə təbiidir. Çünki İranın bu layihədən qorxmasının kökündə geosiyasi təcrid, bloklanma qorxusu dayanır. Hazırda İranın regionda ən böyük strateji "kozır"ı Ermənistan vasitəsilə Qərbə çıxış imkanının və Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya ilə olan quru əlaqəsinin mövcud olmasıdır. Lakin Tramp marşrutu işə düşərsə, bu, İranın regional nəqliyyat və enerji xəritəsindən büsbütün kənarda qalması, tam təcrid vəziyyətinə düşməsi kimi görünə bilər. Xof da məhz bundan qaynaqlanır. Həmçinin 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda Rusiyanın zəifləməsi və onun yerinə ABŞ-ın simasında Qərbin gəlməsi və eləcə də Azərbaycanın mövqelərinin güclənməsi molla rejimini ciddi şəkildə narahat edir. Bu baxımdan, səfir Xəlil Şirqulaminin ABŞ-ın regiondakı mövcudluğunu ölkəsi üçün risk və təhdid kimi qiymətləndirməsi, İranın Cənubi Qafqazda Qərb təsirini öz rejiminin varlığına təhlükə kimi gördüyünü bir daha təsdiqləyir.

Dəfn mərasimindəki nümayəndə heyəti ilə təmsil olunmaq məsələsinə iranlı səfirin narazılığı da tamamilə yersizdir. Bakı və Ankaranın Xameneinin dəfnində nümayəndə heyətləri ilə təmsil olunmasının İranın İrəvandakı səfirində məyusluq doğurması faktı bu diplomatın öz peşəkar fəaliyyəti ilə məşğul olmamasının göstəricisidir. Səfir özünü diplomat kimi aparmaq əvəzinə, təxribatçı açıqlamalar verməklə qonşu ölkələr arasında münasibətlərə xələl gətirir. Bu da bir daha onu göstərir ki, həm Xəlil Şirqulami, həm də ondan öncəki səfirlər sadəcə Tehranın "səsli aparat"larıdır. İranın Ermənistandakı səfirləri yeni reallıqlara uyğunlaşa bilmirlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş