
"Qlobal siyasi və iqtisadi nizamın sürətlə yenidən formalaşdığı müasir dövrdə Azərbaycanın xarici siyasət strategiyası regional liderlik müstəvisindən qlobal əhəmiyyətli aktor səviyyəsinə yüksəlməkdədir. Bu dinamikanın ən bariz və fundamental göstəricilərindən biri rəsmi Bakının Avropa İttifaqı (Aİ) ilə qurduğu çoxşaxəli və bərabərhüquqlu tərəfdaşlıq münasibətləridir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, 1 iyul 2026-cı il tarixində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatı iki tərəf arasındakı münasibətlərin sadəcə bir alqı-satqı platforması olmadığını, dərin strateji əsaslara söykəndiyini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi:
"Prezident İlham Əliyevin proqram xarakterli çıxışı regional təhlükəsizlik, enerji şaxələndirilməsi, yaşıl keçid və nəqliyyat logistikası sahəsində yeni bir epoxanın anonsu kimi qiymətləndirilməlidir.
Prezidentin bəyanatının ana xəttini təşkil edən ən mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicinin yenidən təsdiqlənməsi oldu. Son illərdə Avropanın üzləşdiyi enerji böhranı fonunda Azərbaycanın qitənin enerji təhlükəsizliyində oynadığı kritik rol artıq bir reallıqdır. Dövlət başçısı öz bəyanatında bu reallığı sadəcə rəqəmlərlə deyil, həm də gələcəyə yönəlmiş uzunmüddətli öhdəliklərlə ifadə etdi. Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması və Avropaya ixrac olunan təbii qazın həcminin sistematik şəkildə yüksəldilməsi Bakı ilə Brüssel arasındakı qarşılıqlı etimadın ən bariz nümunəsidir".
Anar












































