
"Slovakiya Respublikası da Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında mövcud olan müxtəlif sahəli əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər potensial və imkanlar var və hesab edirəm ki, Slovakiya Prezidenti Peter Pelleqrininin bu günlərdə baş tutan Azərbaycan səfəri bu imkanların müzakirə edilməsi, gələcək əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Slovakiya Prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, bu səfər həm siyasi, həm iqtisadi, həm də diplomatiya sahəsində Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətə adekvat münasibət baxımından əhəmiyyətlidir:
"Bildiyimiz kimi Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi Şuşa şəhərində baş tutub. Artıq Şuşada ayrı-ayrı ölkə rəhbərlərinin qarşılanması ənənə halını alıb. Bu bir tərəfdən Şuşanın da artıq beynəlxalq səviyyədə siyasi mərkəz kimi tanınmasıdırsa, digər tərəfdən Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin bərpasının ayrı-ayrı ölkələr tərəfindən tanınması və Azərbaycanın regionda yaratdığı yeni reallıqların qəbul edilməsidir".
Arzuman Muradlı deyib ki, Slovakiya Prezidentinin səfəri iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdirilməsinə, siyasi dialoqun güclənməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eyni zamanda enerji sahəsində tərəfdaşlığın daha dinamik xarakter almasına gətirib çıxaracaq:
"Bildiyiniz kimi iki ölkə liderinin görüşü zaçmanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Slovakiyaya təbii qaz tədarükü və enerji əməkdaşlığının genişləndirilməsi əsas müzakirə mövzularından biri olub. Tərəflər bu sahədə əməkdaşlığın gələcək inkişafı üçün əlverişli imkanların mövcud olduğunu qeyd ediblər".
Politoloq qeyd edib ki, ən diqqət çəkən məqam və Azərbaycana divident gətirə biləcək addım Slovakiya Prezidentinin Qarabağın bərpası ilə tanış olması, bu ölkənin azad Qarabağın yenidənqurulmasına dəstək verməsidir. Bu addım, həm də Azərbaycanın bölgədə həyata keçirdiyi layihələrin beynəlxalq tərəfdaşlara təqdim olunmasına imkan yaradır".
Süleyman












































