
"Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda tanınmış ukraynalı jurnalist Dmitri Qordonun sualına verdiyi qətiyyətli cavab müasir beynəlxalq münasibətlər sistemində prinsipial dövlətçilik və hüquqi ardıcıllığın ən bariz nümunəsidir. Azərbaycan Prezidentinin Ukraynanın ərazi bütövlüyü və suverenliyini qəti şəkildə dəstəkləyən, işğal faktı ilə heç vaxt barışmamağı tövsiyə edən bəyanatları, heç şübhəsiz ki, ilk növbədə beynəlxalq hüququn aliliyinə əsaslanır və BMT Nizamnaməsinin fundamental prinsiplərinin və bəşəri dəyərlərin qlobal miqyasda unikal müdafiəsi nümunəsidir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, siyasi və hüquqi müstəvidə bu çıxışın doğurduğu əks-səda və Kremlin mətbuat katibi Dmitri Peskovun verdiyi reaksiya tərəflərin həm diplomatik çəkisi, həm də toxunulan mövzunun mənəvi-hüquqi çərçivəsi baxımından diqqət yetirilməli məsələdir:
"İlk növbədə, beynəlxalq hüquqi aspektdən yanaşdıqda, Azərbaycan Prezidentinin mövqeyi qüsursuz və tamamilə legitimdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi dövlətlərin suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin edən qlobal təhlükəsizlik memarlığının təməl daşıdır. Otuz ilə yaxın müddətdə öz torpaqlarının işğalından əziyyət çəkən, böyük güclərin və Minsk qrupunun ədalətsiz kompromis təzyiqlərinə rəğmən işğalla heç vaxt barışmayan və öz gücü ilə ərazi bütövlüyünü bərpa edən bir ölkənin rəhbəri olaraq İlham Əliyev eyni sarsılmaz prinsipi Ukrayna üçün də vurğulamışdır. Sərhədlərin güc tətbiq etməklə dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı səsləndirilən bu fikir beynəlxalq hüququn aliliyini hər cür geosiyasi maraqlardan üstün tutan dövlət xadiminin ardıcıl xarici siyasət kursunun təzahürüdür. Bu mövqe dünyada gücün deyil, hüququn hökmran olmasını təşviq etməklə bəşəri təhlükəsizlik dəyərlərinə xidmət edir".
Deputat qeyd edib ki, siyasi iyerarxiya və diplomatik protokol baxımından yanaşdıqda isə Rusiya tərəfindən Dmitri Peskovun bu bəyanata verdiyi reaksiya diqqət çəkir:
"Beynəlxalq diplomatik etiketə görə, Peskov suveren bir dövlətin başçısına siyasi və ya hüquqi ekvivalent olaraq rəsmi cavab vermək statusuna sahib deyil. Dövlət başçısı ölkəni beynəlxalq münasibətlərdə təmsil edən ən ali legitim təsisat olduğu halda, mətbuat katibi yalnız Kremlin və rəhbərinin rəsmi mövqeyini mediaya ötürən texniki bir spikerdir. Bu baxımdan, Peskovun açıqlaması bərabərhüquqlu subyektlərin polemikası sayıla bilməz. Görünən odur ki, ya Peskov özfəaliyyətlə məşğuldur, ya da Moskva Bakı ilə strateji münasibətləri gərginləşdirməmək və birbaşa diplomatik böhrana yol açmamaq üçün bu fikir ayrılığını daha aşağı iyerarxik səviyyədə — mətbuat katibinin brifinq cavabı formatında saxlamağı üstün tutmuşdur. Bununla belə, Peskovun reaksiyasının diplomatik dilini təhlil etdikdə, burada Kremlin reallığı qəbul edən praqmatik yanaşması aydın görünür. "Biz bu məsələdə azərbaycanlı dostlarımızla həmrəy deyilik... lakin bu, ikitərəfli münasibətlərimizə kölgə salmır" tipli bəyanatlar göstərir ki, Rusiya rəhbərliyi Azərbaycanın müstəqil xarici siyasətini və bu məsələdə fərqli mövqe tutmaq hüququnu de-fakto qəbul edir. 2022-ci ildə imzalanmış Rusiya-Azərbaycan Müttəfiqlik Bəyannaməsinə rəğmən Bakının özünün prinsipial xarici siyasət kursundan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək mövqeyindən geri addım atmayacağı qarşı tərəfə də bəllidir. Rusiya Bakı kimi etibarlı tərəfdaşla regional əməkdaşlığı qorumaq xatirinə bu "əsaslı fikir ayrılığını" sakit qarşılamağa məcburdur.
Yəni görünən odur ki, Prezident İlham Əliyevin Şuşadakı bəyanatı güclü dövlətlərin maraq toqquşmalarının getdiyi müasir geosiyasi şəraitdə beynəlxalq hüququn yeganə və sarsılmaz meyar olduğunu növbəti dəfə dünyaya nümayiş etdirmiş, rəsmi Moskva isə hüquqi baxımdan tamamilə haqlı olan bu mövqe qarşısında təzyiq rıçaqlarının işləməyəcəyini anlayaraq, prosesi spiker səviyyəsində, yumşaq fikir ayrılığı bəyan etməklə situasiyanı idarə etməyə üstünlük vermişdir".
Süleyman












































