
Azərbaycan Ordusu mahiyyəti etibarilə Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Şuşanın işğaldan azad edilməsi bu Zəfərin başlanğıcı oldu. Şuşada keçirilən müxtəlif beynəlxalq tədbirlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi əhəmiyyətə malik oldu. Belə tədbirlər həm Azərbaycanı daha yaxından tanıdır, həm də Azərbaycanın xarici siyasətində mühüm əhəmiyyətə malik olurdu, indi də belədir. İyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumu da belə tədbirlərdən biri oldu.
53 ölkədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan çox media qurumunun, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın iştirak etdiyi bu tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, “…vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir”.
Bu və ya digər dövlətin beynəlxalq səviyyədə tanınması, ikitərəfli, çoxtərəfli münasibətlər sistemində nüfuza malik olması həm də onun iqtisadi inkişafı baxımından mühüm amillərdən biri kimi tranzit dövlət olma amili ilə bağlıdır. IV Şuşa Qlobal Media Forumu Azərbaycanın istər siyasi, istərsə də iqtisadi nüfuzunun səviyyəsinin təzahürüdür, bunların zəmanəti ilə həm də dünyada mühüm tranzit dövlət kimi tanınır. Tranzit dövlət dövlətlər arasında iqtisadi münasibətləri tənzimləyir, eyni zamanda şərti olaraq iki dövlətin iqtsadi inkişafında vasitə olur. Bu baxımdan Azərbaycan dövlətlər arasında etibarlı tranzit bir dövlətdir. Azərbaycanın əlverişli coğrafiyası buna əlverişli zəmin yaradır. IV Şuşa Qlobal Media Forumunda dövlət başçımız bildirdi ki, “Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir”…
IV Şuşa Qlobal Media Forumunda çıxışında “...dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız…” deyən Azərbaycan Respublikasının Prezidenti mühüm bir amilə də toxundu. Azərbaycançılıq xarakterinin bir çalarına. Azərbaycançılığı müəyyənləşdirən milli-mənəvi dəyərlərdən birinə - dostluğa, böyük, dönməz sədaqətə: “Əgər bizlərdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır…”. Dövlət başçımız fikrini kifayət qədər yüksək fəlsəfi mahiyyətlə tamamladı: “…çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar”…
Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, may ayında Avropa diplomatiyasının rəhbəri xanım Kallasın, iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana gəldiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın ərazilərinin 20 faizini Ermənistanın on illərlə işğalda saxladığını xatırladaraq qeyd etdi ki, həmin dövrlərdə Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdı. Dövlət başçımız dünyəvi siyasətin bəşəriliyinin bu səviyyədə anlaşılmazlığına təəccübünü də ifadə edərək bildirdi ki, “2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?”. Dünyəvi siyasəti düşündürməli sualdır, dünyanın sabahlarını müəyyən təsirlərdən xilas etmək üçün nələrdən imtina edilməli olduğunu xatırladan sualdır, tərəfsizliyin tarixiliyə inteqrasiyasını xatırladan sualdır, …
AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblərin olduğunu, bu tələblərin tamamilə qəbuledilməzliyini də xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, AŞPA Azərbaycanı legitim əsas olmadan səsvermə hüququndan məhrum edib, o, bunun xarici siyasəti davamlı sülhə əsaslanan Azərbaycana qarşı siyasi (və mənəvi!) haqsızlıq olduğunu dərk etməlidir, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmalıdır. “…ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil! Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir…”…
IV Şuşa Beynəlxalq Media Forumunda “orta güc”lə bağlı verilən sualın cavabı dünyəvi gerçəkliklərin ünvanlarından birini qətiyyyətlə göstərdi: Azərbaycan! Azərbaycanın artıq orta gücə çevrilməsi haqqında ekspertlərin rəyləri ilə tanış olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə və qürurla dedi ki, “…bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur”.
Azərbaycanın müharibələrin əhatəsində yerləşən bir bölgədə oluğunu, TRIPP layihəsinin regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcəyini, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəyini, Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına tələbatın kəskin şəkildə artdığını, bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirildiyini, Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyinin fəaliyyət göstərdiyini, Azərbaycanın regional məsələlərdə rolunun təbii olaraq artdığını, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətli olduğunu bildirən dövlət başçımız İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan, cəbhə xəttindən reportajlar hazırlayan Mixail Qusmanın xidmətlərini də yüksək dəyərləndirdi. Bu, həm dövlət başçısının özünün, həm də dövlət olaraq Azərbaycanın mənəvi pasportu oldu…
IV Şuşa Beynəlxalq media Forumu Azərbaycan gerçəkliklərinin də, Azərbaycanın xarici siyasətinin istiqamətlərinin də göstəricisi oldu. Forum təsdiqlədi ki, Azərbaycan dünyəvi dövlətdir, bəşəri dövlətdir, sülhün gərəkliyinin müdafiəçisi olan dövlətdir, qarşılıqlı ehtiramı siyasi münasibətlər üçün şərt bilən dövlətdir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı












































