Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış



Şuşada keçirilən IV Qlobal Media Forumu nəticə etibarilə təkcə media tədbiri deyil, mühüm siyasi mesajların verilməsi ilə yanaşı, geosiyasi axarın istiqamətini göstərən beynəlxalq platforma oldu. Xüsusən də Prezident İlham Əliyevin çıxışı göstərdi ki, daha çox regionun gələcəyinə dair siyasi və strateji məsələlər ön plana çıxarılır.
Tədbirin böyük ölçüdə mahiyyəti Rusiya-Ukrayna müharibəsi, onun Cənubi Qafqazla bağlı siyasətinin mümkün nəticələri və bir növ yol xəritəsi üzrə koordinatları müəyyən edir. Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, Zəngəzur dəhlizi (TRIPP) ətrafında gedən proseslər, Ermənistanın Moskvanın təsirindən uzaqlaşması ilə bağlı proseslər və Ukraynadakı müharibənin perspektivləri açıq müzakirə mövzusu idi.
Digər tərəfdən, Azərbaycanın Rusiyada prinsipial mövqeyini, həqiqətlərini təbliğ edən Yuri Qusman, Sergey Markov, Korotçenko və digər ictimai-siyasi xadimlərə göstərilən təzyiqlərə, işdən uzaqlaşdırılmalarına Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin onları açıq şəkildə müdafiə etməsi Azərbaycanın milli və dövlət maraqlarını müdafiə edən şəxslərin dövlət tərəfindən himayə olunduğunu göstərən mühüm siyasi mesaj olmaqla yanaşı, bu mövqedə olan hər kəs üçün etibarlı təminat kimi də qiymətləndirilə bilər.
Rusiya-Ukrayna müharibəsinin uzanması Rusiyanın hərbi, siyasi və iqtisadi imkanlarını zəiflədir, onun regional təsirini məhdudlaşdırır. Belə şəraitdə Şuşada keçirilən forum Azərbaycanın Cənubi Qafqazda əsas siyasi aktoru kimi regionun gələcəyini müəyyən edir.
Rus mənbələrinə görə, bir müddət əvvəl Şuşada keçirilən digər tədbirdə Rusiyanın tərkibində türk xalqlarının milli kimliyi və hüquqları müzakirə mövzusu olub. Əgər belə məlumatlar həqiqətdirsə, Moskvanın uzun illər apardığı siyasətə "simmetrik siyasi cavab", həm də "separatizm" təhlükəsinin mümkünlüyünə xəbərdarlıqdır.
Türkiyə ilə NATO arasında münasibətlərin normallaşması, F-35 proqramına qaytarılması, Türkiyənin isə Rusiyadan aldığı S400 satış planına Rusiyanın münasibəti və regionda dəyişən təhlükəsizlik mühiti də Rusiyanın qlobal təsir imkanlarını ciddi zəiflədir.
Şuşada keçirilən Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə verdiyi açıq dəstəyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov reaksiya verərək, Ukraynaya göstərilən dəstəyi yanlış hesab etdiklərini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun üzvləri olan Rusiya, ABŞ və Fransanın Azərbaycanın işğal altında olan torpaqlarının, Qarabağın və ətraf rayonlarının Ermənistana verilməsi istiqamətində Azərbaycanı məcbur etmək cəhdləri, müxtəlif variantlarla Azərbaycanın nəinki Qarabağın, digər ərazilərinin də Ermənistana verilməsi şərti ilə barışığa sövq olunması, ardınca isə 44 günlük Vətən müharibəsi zamanı dərhal müharibənin dayandırılması tələbi ilə bağlı açıqlamaları sözün əsl mənasında Azərbaycana qarşı Rusiya, ABŞ və Fransanın tutduğu mövqenin ifşası olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə tarixi faktın fiksasiyasıdır.
İlkin nəticələrinə görə, IV Şuşa Qlobal Media Forumu media mövzusunu aşaraq, Cənubi Qafqazın gələcəyinə dair strateji xəttin, yeni geosiyasi reallıqların əsas oyunçusu kimi Azərbaycanın yerini və mövqeyini gücləndirir. Xarici qüvvələrə, xüsusən də ABŞ, Fransa və Rusiyaya Cənubi Qafqaz mövzusunun Azərbaycanın iradəsindən kənar müzakirəsinin belə mümkünsüzlüyünü ortaya fakt və siyasi reallıq olaraq qəbul etdirir.
Vüqar Dadaşov
Xəbəri paylaş