
Mədəni irs turizminə qlobal maraq artmaqda davam edir. Səyahətçilər getdikcə daha çox tarix, mədəni irs və yerli dəyərlərlə yaxından tanış olmağa imkan verən autentik təcrübələrə üstünlük verirlər. 2025-ci ildə mədəni irs turları bu bazarın 55,6 faizini təşkil edib ki, bu da mənalı və tarixə söykənən səyahətlərə marağın artdığını göstərir. Bu tendensiyanın gələcək illərdə də davam edəcəyi gözlənilir. Belə ki, sektorun həcminin 2026-cı ildəki 647,5 milyard ABŞ dollarından 2033-cü ilədək illik orta hesabla 5,4 faiz artaraq 937 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Mədəni irs turizminə marağın artdığı bir dövrdə Türkiyə bəşəriyyətin ortaq tarixini yaşadan aparıcı istiqamətlərdən biri kimi diqqət çəkir. Burada ziyarətçilər dünyanın məlum olan ən qədim monumental tikili kompleksi Göbeklitəpədən Qərb sivilizasiyasının ən məşhur əfsanələrindən birinə ilham verən əfsanəvi Troya şəhərinədək uzanan zəngin tarixi irslə tanış ola bilirlər. Türkiyə bu mövqeyini mədəni irs nümunələrinin qorunması və bərpasına yönəlmiş layihələrlə daha da möhkəmləndirir. Son təşəbbüslər sırasında Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyində həyata keçirilən bərpa işləri, eləcə də Syedra Ziyarətçi Mərkəzinin istifadəyə verilməsi yer alır.
Genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərindən sonra Antalyanın Demre rayonunda, Türk Rivierasının mərkəzində yerləşən Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyi yenidən ziyarətçilərin üzünə açılıb. Eyni zamanda, Antalyanın ən məşhur istirahət məkanlarından olan Alanyada yerləşən qədim Syedra şəhəri də yeni ziyarətçi mərkəzi ilə qonaqları qəbul etməyə başlayıb.
Qədim Likiyanın ən mühüm liman şəhərlərindən biri olan Andriake, Myra şəhərinin limanı kimi fəaliyyət göstərib. Şəhər ellinizm, Roma və Şərqi Roma dövrlərində regionun əsas limanlarından biri olub. Bu gün ziyarətçilər qədim limanın cənub hissəsində yerləşən və böyük ölçüdə qorunub saxlanılan tarixi qalıqları yaxından kəşf edə bilirlər. Burada vaxtilə şəhəri içməli su ilə təmin edən akveduk, monumental Roma fəvvarəsi – nimfeyon, Liman küçəsi, küçə boyunca qismən qorunub saxlanılan gəmi sığınacaqları və Plakoma aqorası əsas görməli məkanlar sırasındadır.
Andriake həmçinin Türkiyənin ilk uzunməsafəli yürüş marşrutu olan Likiya Yolunun üzərində yerləşir. Dünyanın ən gözəl yürüş marşrutlarından biri kimi Time Out nəşri tərəfindən seçilən bu marşrut, qısa müddət əvvəl The Telegraph qəzetinin Avropanın ən yaxşı 15 yürüş marşrutu siyahısına da daxil edilib. Bu məşhur marşrutla səyahət edənlər qədim Likiyanın izlərini kəşf etməklə yanaşı, Andriakedə həyata keçirilən son yenilənmə işləri ilə də tanış ola bilirlər. Layihə çərçivəsində tarixi abidənin orijinal görünüşü qorunmaqla əraziyə taxta traverslər və parçalanmış qranit daşlardan hazırlanmış ekoloji cəhətdən uyğun piyada yolları salınıb. Bu yeniliklər ziyarətçilərə ərazini daha rahat gəzməyə və Likiyanın dənizçilik irsini daha yaxından tanımağa imkan yaradır.
Piyada yolunun sonunda ziyarətçiləri arxeoloji ərazidə yerləşən və bərpa olunmuş qədim taxıl anbarında (Granarium) fəaliyyət göstərən Likiya Sivilizasiyaları Muzeyi qarşılayır. Son yenilənmələrdən sonra muzey qədim Likiya şəhərlərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş eksponatların nümayiş olunduğu müasir sərgi zalları ilə ziyarətçilərin ixtiyarına verilib. Heykəllər, sarkofaqlar, kitabələr, sikkələr və digər qiymətli tapıntılar müasir ekspozisiya məkanlarında təqdim olunaraq Likiyanın tarixi və mədəniyyəti haqqında geniş təsəvvür yaradır. Muzeyin ən diqqətçəkən yeni eksponatları sırasında 2024-cü ildə Andriakedə aşkar edilmiş, “min çiçək” (millefiori) texnikası ilə bəzədilmiş şüşə panellər və rozetlər xüsusi yer tutur. Bu nadir nümunələr qədim Anadolu şüşə sənətkarlığının yüksək ustalığını nümayiş etdirir.













































