
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri və rusiyalı həmkarı Sergey Lavrovla keçirilən konstruktiv görüş ərəfəsində ölkəmizin Ukraynadakı səfirliyinin yerləşdiyi ərazinin Rusiya tərəfindən raket hücumuna məruz qalması və diplomatik nümayəndəliyin binasının ciddi zərər görməsi təsadüfi deyil. Hesab edirəm ki, bu olayın arxasında Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələr dayanır. Zaman-zaman bu kimi mənfi halların şahidi olmuşuq".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O, Moskva-Bakı münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin Rusiyanın hərbi elitasına sirayət etdiyini də istisna etmir:
"Çünki artıq neçənci dəfədir ki, Ukraynadakı Azərbaycan səfirliyi yerləşdiyi ərazi raket hücumuna məriz qalır və diplomatik nümayəndəliyimiz bundan zərər görür".
Arzuman Muradlı qeyd edib ki, əslində həmin qüvvələr bu kimi təxribatçı hərəkətləri Rusiyanın beynəlxalq nüfuzuna da zərbə vurmuş olurlar. Çünki 1961-ci ildə qəbul edilmiş Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən diplomatik nümayəndəliklərin binaları toxunulmazdır. Bu addım Cenevrə Konvensiyalarının mülki əhalinin və mühafizə olunan subyektlərin qorunmasına dair fundamental prinsiplərinə də ziddiyyət təşkil edir".
Politoloq qeyd edib ki, səfirlik binası bir ölkənin suveren ərazilərinin bir hissəsi hesab edildiyindən, Azərbaycan səfirliyinə edilən hücumlar həm də birbaşa Bakıya hücum kimi xarakterizə edilməlidir:
"Nəzərə alsaq ki, bu addım 22 fevral 2022-ci il tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" çərçivəsində tərəflərin üzərinə götürdüyü strateji öhdəliklərlə də ziddiyyət təşkil edir, o zaman təxribatçı qüvvələrin həm də müttəfiqlik sazişini hədəfə aldığını, onun pozulmasına yönəlik fəaliyyətlər ortaya qoyduqlarını deyə bilərik. Hesab edirəm ki, Rusiya siyasi rəhərliyi tezliklə Moskva ilə Bakı arasında növbəti gərginlik yaratmaq istəyən qüvvələrin tapılıb üzə çıxması və onların hüquqi çərçivədə cəzalandırılmasında maraqlı olmalıdır".
Süleyman












































