
"Məlum olduğu kimi cari ilin iyulun 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri rəsmi Bakının Avropa ölkələri ilə qurduğu çoxtərəfli diplomatiyasının növbəti parlaq səhifəsi kimi diqqət çəkdi. Berlin görüşləri, baş tutan strateji müzakirələr və imzalanan razılaşmalar iki ölkə arasındakı əlaqələrin artıq tamamilə fərqli, daha üstün səviyyəyə yüksəldiyini açıq şəkildə nümayiş etdirdi. Bu yeni dövrün əsasını möhkəm qarşılıqlı etimad, fəal siyasi təmaslar və ticarət-iqtisadi əlaqələrin şaxələndirilməsi təşkil edir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Ülkər Əliyeva deyib. O bildirib ki, səfər çərçivəsində əldə olunan razılaşmalar enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, logistika və regional sabitlik kimi strateji istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirdi:
"Dövlət başçısı mətbuata verdiyi bəyanatda bu səfərin ikitərəfli tərəfdaşlığın gələcək inkişafı üçün mühüm təməl yaratdığını vurğuladı.
Ölkə başçısı bəyanat zamanı həmçinin onuda qeyd etdi ki, nəqliyyat infrastrukturu və logistik əlaqələr baxımından Almaniya şirkətlərinin qabaqcıl təcrübəsi ilə tərəfdaşlığımız böyük perspektivlər açır. Azərbaycanın son dövrlərdə Mərkəzi Asiya regionu ilə sıx inteqrasiyası və bu coğrafiya ilə Avropa arasında strateji körpü missiyası daşıması ölkəmizin tranzit potensialını daha da gücləndirir. Qəbul edilən Bəyannamənin praktiki müstəvidə reallaşdırılması məqsədilə xüsusi işçi qruplarının yaradılması və konkret fəaliyyət planlarının hazırlanması nəzərdə tutulur ki, bu da imzalanan sənədlərin qısa müddətdə real nəticələr verəcəyini təmin edəcək".
Hakim partiya təmsilçisi qeyd edib ki, Almaniya Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir:
"Rəsmi Berlin qondarma rejimi heç vaxt tanımamış, bununla da beynəlxalq hüququn prinsiplərinə sadiq qaldığını nümayiş etdirmişdir. Son illərdə Azərbaycan ilə Almaniya arasında siyasi dialoq daha da fəallaşmış, iqtisadi və ticarət əlaqələri yeni məzmun qazanmışdır. Enerji, yaşıl iqtisadiyyat, sənaye və investisiya sahələrində əməkdaşlığın genişlənməsi iki ölkə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Qarşılıqlı etimad və ortaq maraqlar əsasında qurulan bu münasibətlər gələcəkdə də əlaqələrin daha yüksək səviyyəyə yüksələcəyini göstərir".
Anar












































