
Vaşinqton administrasiyası inanır ki, radikal Fələstin HƏMAS hərəkatının nümayəndələri tezliklə öz qüvvələrinin tərksilah edilməsini nəzərdə tutan saziş imzalayacaqlar .
Newscenter.az xəbər verir ki, belə bir iddia ilə Amerikanın "Axios" xəbər agentliyi çıxış edib. Agentliyin məlumatına görə, ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurası HƏMAS-ın yaxın günlərdə Qəzza zolağının tərksilah edilməsi və demilitarizasiyasına başlamaq üçün razılaşma imzalaya biləcəyinə inanır.
Nəşr qeyd edir ki, bu, ABŞ tərəfindən təklif edilən Qəzza zolağı üçün sülh planının həyata keçirilməsi baxımından əhəmiyyətli bir irəliləyiş olardı.
Məqalədə iddia edilir ki, Sülh Şurası, Misir, Qətər və Türkiyədən olan vasitəçilərlə birlikdə bir neçə aydır HƏMAS ilə Qəzza zolağının silahsızlaşdırılması və anklavda hakimiyyətin texnokratik komitəyə ötürülməsi ilə bağlı danışıqlar aparır. Yazıda həmçinin qeyd olunur ki, HƏMAS tərksilah edilməmək üçün müqavimət göstərir. Buna baxmayaraq ABŞ və Sülh Şurası ümid edir ki, xarici təzyiqin artması və HƏMAS daxilində maliyyə böhranının pisləşməsi hərəkatı razılaşmanı qəbul etməyə sövq edə bilər.
Məlumata görə, Misirdə davam edən danışıqlar son mərhələsinə qədəm qoyub. Məqalədə Qətər, Türkiyə və Misir nümayəndələrinin müqaviləni imzalamaq üçün HƏMAS-a güclü təzyiq göstərdiyi də vurğulanır. Portalın məlumatına görə, İran isə nümayəndələri HƏMAS-a müqaviləni tələsdirməməyi və vaxt qazanmağı məsləhət görürlər.
Anar












































