Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət tərəfindən qeyri-neft-qaz sektorunun inkişafı və ixracın təşviqi istiqamətində müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilir

Dövlət tərəfindən qeyri-neft-qaz sektorunun inkişafı və ixracın təşviqi istiqamətində müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilir


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 iyul 2026-cı ildə imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman 1 sentyabr 2026-cı ildən qüvvəyə minir.
Fərmana əsasən, Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, habelə müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.
Digər tərəfdən, 9 iyun 2026-cı ildə imzalanmış “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi ödəniləcək. Bu dəstəyin məbləği malın növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq müəyyən ediləcək.
Həmçinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə də dövlət büdcəsinin vəsaiti hesabına dəstək göstəriləcək.
Beləliklə, yerli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 faizədək hissəsi, nəqliyyat növündən və malın gömrük dəyərindən asılı olaraq, dövlət büdcəsi hesabına qarşılanacaq. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında istehsal olunaraq ölkənin digər regionlarına quru yolu ilə daşınan malların daşınması üçün çəkilmiş xərclərin də 70 faizi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.
Fərmana əsasən, daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə, ixrac olunan malın daşınması üçün çəkilmiş və nağdsız qaydada ödənilmiş məbləğin 70 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə isə bu göstərici 50 faiz təşkil edəcək.
Bu dəstək mexanizmi üzrə ödənilən məbləğ avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşımalar zamanı ixrac edilən malın gömrük dəyərinin 15 faizindən, dəniz nəqliyyatı ilə daşımalar zamanı isə 5 faizindən çox olmayacaq.
İxrac və daxili daşımalara münasibətdə tətbiq olunacaq bu güzəştlər 1 sentyabr 2026-cı ildən başlayaraq 10 il müddətində qüvvədə olacaq.
Bu güzəştlərin tətbiqi ölkədə qeyri-neft-qaz ixracının stimullaşdırılmasına, sahibkarların daşıma xərclərinin azaldılmasına və yerli mənşəli malların xarici bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına mühüm töhfə verəcək.
Dövlət tərəfindən qeyri-neft-qaz sektorunun inkişafı və ixracın təşviqi istiqamətində müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilir. İnvestisiyaların və ixracın təşviqi proqramları qeyri-neft-qaz ixracının artmasına müsbət təsir göstərib. İndi isə qeyri-neft-qaz mallarının ixracı üzrə gömrük proseduru altında yerləşdirilməsi zamanı xərclərinin və daşıma xərclərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması ölkədə qeyri-neft-qaz istehsalının və ixracının artırılmasına yeni impuls verəcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini
Azər Badamov
Xəbəri paylaş