
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Naxçıvana etdiyi son səfər və Azərbaycan televiziyasına verdiyi geniş və məzmunlu müsahibə əslində sadəcə regional səfər deyil, eyni zamanda Azərbaycanın yeni geosiyasi xəritəsində Naxçıvanın yerini və rolunu yenidən müəyyən edən çox ciddi bir siyasi və iqtisadi ismarışdır. Bu səfərin siyasi çəkisini anlamaq üçün ilk növbədə dövlətin bütöv strateji vizyonuna baxmaq lazımdır, çünki burada Naxçıvan artıq blokadada qalan, sadəcə dotasiya və daxili imkanlarla yaşayan təcrid olunmuş bir bölgə kimi yox, ölkənin ümumi inkişaf modelinin əsas hərəkətverici qüvvələrindən biri kimi təqdim olunur. Siyasi təhlil nöqteyi-nəzərindən ən maraqlı və mühüm detal ondan ibarətdir ki, rəsmi Bakı Qarabağ və Şərqi Zəngəzurda tətbiq etdiyi unikal inkişaf və idarəetmə modelini indi tam şəkildə Naxçıvana köçürür və bu üç strateji nöqtəni vahid bir milli təhlükəsizlik və tərəqqi xəttində birləşdirir. Digər tərəfdən, Naxçıvanda hərbi sahədə, xüsusən də komando tipli yeni birləşmələrin fəaliyyətinin gücləndirilməsi və ordunun ən son texnologiyalarla təchizatı regionda hər hansı bir revanşist ideyaların qarşısını elə rüşeymdəcə almaq məqsədi daşıyır və bu da hərbi-siyasi müstəvidə çox güclü bir mesajdır. İqtisadi müstəvidə isə Naxçıvanın gələcəyi artıq ənənəvi sahələrlə deyil, qlobal trendlərə uyğun olaraq yaşıl enerji və irimiqyaslı loqistika layihələri üzərində qurulur ki, bu da regionu yaxın gələcəkdə regionun əsas ixracat mərkəzlərindən birinə çevirəcək potensiala malikdir. Xüsusilə günəş elektrik stansiyalarının inşası və bu enerjinin gələcəkdə beynəlxalq bazarlara çıxarılması planı Naxçıvanı sadəcə enerji baxımından müstəqil etmir, həm də onu böyük iqtisadi sferada maraq dairəsinə daxil edir. Bu baxımdan Zəngəzur dəhlizi ətrafında gedən siyasi müzakirələr və nəqliyyat infrastrukturunun yenilənməsi cəhdləri Naxçıvanı Şərqlə Qərb arasında taleyüklü bir tranzit qovşağına çevirmək üçün atılan addımlardır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən dövlət qayğısının hərtərəfli və sistemli olması həm də daxili idarəetmədə şəffaflığın artırılması və sənaye potensialının dirçəldilməsi ilə müşayiət olunur ki, bu da yerli əhalinin sosial rifahının köklü şəkildə dəyişməsinə birbaşa təsir göstərəcək. Nəticə etibarilə, bu son səfər və səsləndirilən bəyanatlar göstərir ki, Azərbaycan dövləti Naxçıvanın təhlükəsizliyini, iqtisadi müstəqilliyini və xarici dünya ilə inteqrasiyasını geri dönməz bir mərhələyə çatdırmaqda tam qərarlıdır.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini











































