
Özbəkistan 2025-ci ildə 43 milyard dollar investisiya cəlb edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə dövlətin müstəqilliyinin 35-ci ildönümü münasibətilə Daşkənddə keçirilən "Müstəqil Özbəkistan - 35 illik inkişaf: islahatlar, nəticələr və perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda məlumat verilib.
Konfransda Ali Məclisin Qanunvericilik Palatasının üzvləri, Rusiya Federasiyası, Belarus, Gürcüstan, Azərbaycan, Tacikistan, Türkmənistan, Türkiyə və Qırğızıstan parlamentləri, BMT və digər beynəlxalq təşkilatların, diplomatik korpusun, ekspert icmasının və elmi dairələrin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, bu günə qədər ölkə iqtisadiyyatının həcmi 50 milyard dollardan 147 milyard dollara qədər artıb və Özbəkistan orta gəlirli ölkələrdən birinə çevrilib.
Son on ildə ölkədə tikilən mənzil vahidlərinin illik sayı 10 dəfə artaraq 2025-ci ildə 238 min vahidə çatıb. Özbəkistan turistlər üçün açıq ölkəyə çevrilib.
Yoxsulluğun azaldılması dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ötən müddət ərzində 8,5 milyon ehtiyacı olan insanın gəliri artıb və yoxsulluq səviyyəsi təxminən 35 faizdən 5,8 faizə endirilib.
Təhsil sahəsində sistemli işlərin nəticəsi olaraq məktəbəqədər təhsilin əhatə dairəsi 27 faizdən 78 faizə, ali təhsilin əhatə dairəsi isə 9 faizdən 44 faizə yüksəlib.
Süleyman











































